Azərbaycanın xarici ölkələrdəki səfirlikləri qarşısındakı aksiyalarda siyasi məhbusların azadlığı tələb olunub
Mayın 27-də dünyanın ayrı-ayrı ölkələrində bugünlərdə həbsdən azad edilən araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın ad günü müxtəlif aksiyalarla qeyd olundu. Bütün bu aksiyalar zamanı Azərbaycanda həbsdə olan digər siyasi məhbusların da azadlığa buraxılması üçün çağırışlar edildi. Bu barədə beynəlxalq söz azadlığını müdafiə təşkilatı olan “Index on Censorship”in saytında yayımlanan “Etirazçılar dünya boyunca Xədicənin ad gününü qeyd etdilər” başlıqlı məqalədə bildirilir.
Müəllif yazır ki, Xədicə Ismayıl azadlığa buraxılsa da, ona qarşı iki saxta ittiham – qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları hələ qüvvədədir: “Xədicə Ismayıl barəsində 7 il 6 ay azadlıqdan məhrumetmə hökmü çıxarılmışdı. Ali Məhkəmə bu cəzanı 3 il 6 aya endirdi və həmin müddət şərti hesab edilərək, azadlığa buraxıldı. Amma Xədicənin üzərində ölkəni tərk etməmək qadağası qalır”.
Məqalədə qeyd olunur ki, Xədicə Ismayılın ad günü münasibətilə keçirilən aksiyalarda ona qarşı qalan ittihamların da ləğvi tələb olunub. “Index on Censorship” təşkilatının üzvləri də “Insan hüquqları üçün idman” koalisiyasının Londonda Azərbaycan səfirliyi qarşısında keçirdiyi aksiyaya qoşulublar.
Koalisiyanın koordinatoru Rebekka Vinsent deyib: “Biz bu gün bura çox görkəmli bir qadının ad gününü qeyd eləməyə toplaşmışıq. Xədicə azad edildikdən sonra belə, Azərbaycandakı cəzaçəkmə müəssisələrində 70-dən artıq jurnalist, blogger, siyasi fəal və inanclı insanlar var ki, onlar siyasi motivlərlə həbs olunublar”.
Rebekka Vinsent Azərbaycandakı bütün siyasi məhbusların azadlığa buraxılması üçün ciddi səylərin göstərilməsinin vacibliyini vurğulayıb: “Xədicə də bizdən məhz bunu istəyir”.
“Azərbaycanda jurnalist Seymur Həzi xuliqanlıqda ittiham edilərək, beş il müddətinə azadlıqdan məhrum edilib. Seymur Həzinin çalışdığı ”Azadlıq” qəzeti 2014-cü ildə “Index on Censorship” təşkilatının ifadə azadlığa mükafatına layiq görülüb. Seymur Həzi 2014-cü ilin avqustunda həbs olunub, 2015-ci ilin yanvarında isə barəsində hökm çıxarılıb. Təəssüf ki, Seymur Həzinin həbsinə beynəlxalq aləmdə lazımınca diqqət yoxdur.
Başqa bir siyasi məhbus – REAL hərəkatının sədri Ilqar Məmmədov hələ də həbsxanadadır. Siyasi fəal Ilkin Rüstəmzadə internetdə yerləşdirdiyi bir videoya görə həbsdə saxlanılır.
Xədicə Ismayıl azadlığa buraxılan gün Azərbaycan hökuməti daha bir jurnalisti və bir gənc fəalı həbs etdirdi”, – deyə məqalədə qeyd olunur.
İnformasiya şöbəsi