«Heç bir halda Qarabağ rejimi danışıqlarda tərəf olaraq qəbul edilməməlidir»
Gültəkin Hacıbəyli: «Ermənistandan belə bir addım atılıbsa, bu danışıqların dalana dirəndiyini deməyə əsas verir»
Qarabağla bağlı danışıqlar prosesində Ermənistanın irəli sürdüyü şərtlər maraq doğurur. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bütün işçi sənədlərdə Dağlıq Qarabağın danışıqlar tərəfi olmalı olduğu barədə maddə var.
Bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın iştirakı olmadan hər hansı sənədin imzalanması mümkün deyil. Nazir tezliklə Azərbaycanla imzalanması üçün hazır sənədin olmadığını da qeyd edib: “Danışıqların bərpası üçün şərait olmalıdır. Əgər bu şərait və monitorinq imkanı yaradılsa, onda bu danışıqlara başlamaq olar. Hazırda məhz bu istiqamətdə səylər göstərilir. Ola bilsin ki, həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündə Vyana görüşündə əldə olunan razılaşmaların tam həyata keçirilməsi məsələsi müzakirə edilsin. Bu, sonradan danışıqların növbəti mərhələsinə yol aça bilər”. (virtualaz.org)
“Ermənistan xarici işlər naziri Edvard Nalbandyan tərəfindən yenə də Vyana görüşlərinin mahiyyəti təhrif edilir. Sözlərlə oynamağın vaxtı artıq çoxdan keçib”. Bunu Azərbaycan Xarici Işlər Nazirliyi (XIN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev E.Nalbandyanın bəyanatını şərh edərkən deyib.
H.Hacıyev qeyd edib ki, Vyana görüşünün nəticəsi olaraq irəli sürülən təkliflər bir-biri-lə bağlıdır: “Atəşkəs rejiminin məqsədi hərtərəfli və substantiv danışıqlara başlamaq üçün zəmin yaradılmasıdır. Münaqişənin həllinə dair hərtərəfli siyasi prosesin tərkib hissəsi kimi isə qəbuledilməz və qeyri-davamlı olan status-kvo dəyişdirilməli və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Əgər Ermənistan atəşkəs istəyirsə, atəşkəsin pozulmasının səbəbi olan Ermənistanın işğal faktına və Ermənistan qoşunlarının Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoyulmalıdır. Münaqişənin həllinin əsasları artıq çoxdan məlumdur. Ermənistan xarici işlər naziri öz xalqını sülhə hazırlamalı və münaqişənin həlli prosesi barədə düzgün məlumatlandırmalıdır. Təəssüf ki, biz yalnız bunun əksini görürük”.
XIN rəsmisinin sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həlli ilə əlaqədar hərtərəfli və substantiv danışıqlar prosesinə hazırdır: “Bu ayın axırında xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub”.
Azərbaycan tərəfinin bu açıqlamaya münasibəti bir o qədər də adekvat olmayıb. Danışıqlarda irəli sürülən şərtlər maraq doğurur. Amma Azərbaycan tərəfi danışıqların bu detalları barədə məlumat verimir.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Nalbandyanın sözlərinə görə, Vyana görüşündə müzakirəyə təqdim olunan bütün sənədlərdə qondarma recim tərəf kimi göstərilib: “Ermənistan bəyan edir ki, Qarabağın tərəf kimi göstərilmədiyi heç bir sənəd Yerevan tərəfindən dəstəklənməyib. Bu bəyanatın nə dərəcədə həqiqətn olub-olmadığını qiymətləndirmək çətindir. Mən ümid edirəm ki, Azərbaycan tərəfi bu davranışlara zidd mövqe sərgiləyib. Alınan məlumatlara görə, Azərbaycan tərəfinin bəzi məsələlərdə fikir ayrılığının olması məhz bununla bağlıdır. Bu təbii ki, yol verilməz mövqedir. Bu Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq təhdiddir və danışıqların mahiyyətini heçə endirir. Əgər doğurdanda Ermənistan bunda təkid edəcəksə, Azərbaycan danışıqlar prosesindən çıxmağa qədər sərt addımlar atmağı göz önünə almalıdır. Düzü mən ABŞ və Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyinin ortada olduğu bir şəraitdə bu fikirlərin nə dərəcədə həqiqətə uyğun olduğunu söyləməkdə çətinlik çəkirəm”.
G.Hacıbəylinin sözlərinə görə, Ermənistan tərəfinin bəyan etdiyi məqamlar beynəlxalq hüququn prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə ziddir. “Istənilən halda əgər Ermənistandan belə bir addım atılıbsa, bu danışıqların dalana dirəndiyini deməyə əsas verir. Azərbaycan tərəfi buna müvafiq addım atmalıdır. Heç bir halda Qarabağ rejimi danışıqlarda tərəf olaraq qəbul edilməməlidir. Azərbaycan əraziləri qondarma rejim tərəfindən işğal edilməyib. Azərbaycan torpaqları Rusiyanın dəstəyi ilə Ermənistan tərəfindən işğal olunub”, deyə G.Hacıbəyli vurğuladı.
Xəyal