Yayılan məlumatlara görə, bəzi banklar (məsələn, Unibank) istehlak kreditlərini bərpa edir, amma krediti yalnız aylıq əmək haqqı 410 manatdan yuxarı olan şəxslər ala biləcək. İqtisadçı ekspert Rövşən Ağayev bu vəziyyəti feysbuk səhifəsində şərh edərək yazır ki, bu əmək haqqı alan əhalinin ən yaxşı halda 23%-nin istehlak krediti ala biləcəyi deməkdir:
“Aydın məsələdir ki, banklar krediti qeyri-leqal əmək haqqı əsasında deyil, rəsmi maaşlara görə verəcək. Dövlət statistikasında olan ən son məlumata görə isə, maaş cədvəlinə qol çəkənlərin 77%-nin əmək haqqı 400 manatdan aşağı olub. Deməli, maaşla işləyən insanların ən yaxşı halda 23%-i kreditəiddia edə biləcəklər.
Onların da bir hissəsinin – yüksək maaş və maaşdan əlavə nəhəng qeyri-maaş gəlirlərinə malik məmurların (həmçinin dövlət şirkətlərinin çalışanların) istehlak kreditinə ehtiyac olmadığını da nəzərə alanda, bankların istehlak kreditləri üçün müştərilər ən yaxşı halda muzdla işləyənlərin 15-20%-i qədər insan olacaq.
Nəzərə alaq ki, bizdə 4.9 milyon nəfər əmək qabiliyyətli yaşında olan iqtisadi fəal əhalinin (işləmək imkanı olan) cəmi 1.5 milyon nəfəri rəsmi çalışır – yəni leqal işçi qüvvəsidir. Bu isə o deməkdir ki, hazırda təklif edilən şərtlərlə Azərbaycanda hökumətin məşğul hesab etdiyi insanların 30%-i bank kreditlərinə iddia edə biləcək”.