BMT nümayəndələri “heykəl məhbusları”nın üzərində xəsarət izləri gördüklərini açıqladı
“Rəsmilər işgəncə şikayətlərinin araşdırıldığını deyirlər, amma buna görə kiminsə cəzalandırılması faktı yoxdur”
BMT-nin Özbaşına Saxlanma üzrə İşçi Qrupu mayın 16-dan bəri Bakıda səfərdədir və bu müddətdə həbs yerlərində, internatlarda saxlanılan 80-ə yaxın şəxslə görüşüb. BMT nümayəndələrinin Kürdəxanıdakı istintaq təcridxanasında görüşdüyü dustaqlar arasında Heydər Əliyevin heykəlinin postamentini yazdıqdan sonra narkotik ittihamı ilə həbs edilmiş gənclər Bayram Məmmədov və Qiyasəddin İbrahimov da olub. Bu barədə dörd nəfərdən ibarət İşçi Qrupun səfərin nəticələrilə bağlı dünən keçirdiyi mətbuat konfransında məlumat verib.
“Biz bu yaxınlarda həbs olunan iki tələbə ilə istintaq təcridxanasında görüşdük. Görüş zamanı onların üzərində, xüsusən əllərində və ayaqlarında zədələr, xəsarət izləri gördük. Biz həmin izlərin nədən yarandığını deyə bilmərik. Amma tələbələr həmin izlərin polis idarəsində işgəncədən yarandığını bildirdilər. Onlar bunu vəkillərinə də deyiblər, öz məktublarında da göstəriblər”, – deyə məruzəçi Setonçi Roland Adcovi bildirib.
O, qeyd edib ki, görüşdüyü şəxslərin bir çoxu işgəncələrə məruz qaldıqlarını deyiblər: “İnsanlar məhkəmə qarşısına çıxarılanda hakim onlardan pis rəftara, təzyiqə məruz qalıb-qalmadığını soruşmalıdır. Amma elə bir nümunə yoxdur ki, hakim bu məsələni araşdırsın, günahkar cəzalandırılsın. Dövlət rəsmiləri bildirirlər ki, işgəncə, pis rəftarla bağlı şikayətlər araşdırılır. Amma buna görə kiminsə ədalət mühakiməsi qarşısına çıxarılması faktına rast gəlmədik”.
İşçi Qrup Azərbaycanda xüsusən psixo-sosial və əyli əlilliyi olan şəxslərin müvafiq müəssisələrə yerləşdirilməsi, ölkədə cinayət-mühakimə sistemindən narahatlığını ifadə edib.
“İşçi Qrup qanunçuluq prinsipi, ittihamlar barədə dərhal məlumatlandırılmaq hüququ, şəxsin özünün seçdiyi vəkillə təmin olunmaq hüququ, saxlanılmaya qarşı etiraz vermək hüququ, işgəncə və pis rəftarın qadağan olunması kimi hüquqların pozulmasını müşahidə edib”, – Setonçi Roland Adcovi bildirib.
Məruzəçi deyir ki, İşçi Qrup Azərbaycanda hüquq müdafiəçiləri, jurnalistlər, siyasi rəqibləri susdurmaq məqsədilə cinayət mühakiməsinin alətə çevrilməsi tendensiyasını müşahidə edib: “Bu sırada ilk ağlagələn İlqar Məmmədov, Xədicə İsmayılova, Zeynalabdin Bağırzadədir. Rəşad Ramazanov, Hicat Əliyev də bu siyahıya daxildir. Bu gün Xədicə İsmayılova şərti azadlığa buraxılıb və bu hal tərəfimizdən təhlil olunacaq. Bu siyahı həmçinin Vəkillər Kollegiyasının intizam tədbirləri də daxil olmaqla, müxtəlif hədə-qorxulara məruz qalan vəkilləri də əhatə edir”.
İşçi Qrup qanuna zidd davranan uşaqlara qarşı rəftardan da narazı qalıb: “Onların həbsdə saxlanılması ən son vasitə olmalıdır. Buna baxmayaraq, bir çox yetkinlik yaşına çatmayan şəxslər, hətta az ağır cinayətə görə də sanki avtomatik qaydada həbsə alınma ilə üzləşir. Həbs yerlərində məruz qaldıqları bərbad saxlanılma şəraiti onların sonrakı reablitasiyasına və yenidən təhsilə qayıtmasına mənfi təsir göstərə bilər”.
Setonçi Roland Adcovi əlavə edib ki, İşçi Qrupun Azərbaycana dəvət olunması təşəbbüsünü Azərbaycan hökumətinin nəzərdə tutduğu islahatların başlanğıc nöqtəsi hesab edir. Qrup bu gün səhər dövlət məmurları ilə görüşərək, səfərin ilkin nəticələri, narahatlıq doğuran məsələləri onların nəzərinə çatdırıb: “Onlar tərəfindən müsbət reaksiyanın şahidi olduq. Bizim qeyd etdiyimiz problemləri həll etmək istəklərini bildirdilər”.
İşçi Qrup Azərbaycana səfərin nəticələrinə dair yekun hesabatı gələn ilin sentyabrında BMT-nin İnsan Hüquqları Şurasına və hökumətə təqdim edəcək: “Sonra bu proseslə bağlı izləmə prosesinə başlayacağıq. Tövsiyələrimizlə bağlı işlər görülüb-görülmədiyini araşdıracağıq”.
Aytən Məmmədova