Əmanətlərin toplam məbləği 4 aya 17 faiz azalıb
Əhali bankın verdiyi faizlərdən imtina edərək xarici valyutanı evində saxlayır
Ötən ilin sonlarından başlayaraq Azərbaycanda əhalinin banklara olan etibarı aybaay azalmaqdadır. Bəzi banklarda baş verən problemlərdən sonra sadə vətəndaşlar banklara depozit qoymaqdan çəkindikləri kimi, cari hesablarda pul saxlamaqdan da uzaq dururlar. Çünki, bankda problem yaranan zaman Əmanətlərin Sığortalanması Fondundan sığortalanmış depozitləri almaq imkanı olsa da, cari hesablardakı pulları əldə etmək mümkün olmur. Problem yaranmış bankların ilk addımı hesabdan pulların çıxarılmasını dayandırmaq olur.
Statistikaya görə, əgər 2015-ci ilin dekabr ayında Azərbaycanın ev təsərrüfatlarının kredit təşkilatlarında yerləşdirdikləri əmanət və depozitlərinin toplam məbləği 9 milyard 473,9 milyon manat olubsa, bu, 2016-cı ilin mart ayında 7 milyard 888,9 milyon manata enib. Yəni 4 ayda 17% azalma müşahidə edilib.ÿ
Azalma xarici valyuta ilə qoyulmuş depozitlərə də sirayət edib. Əgər 2015-ci ilin dekabr ayında Azərbaycanın ev təsərrüfatlarının kredit təşkilatlarında xarici valyutada yerləşdirdiyi müddətli əmanətlərin, yəni depozitlərin toplamÿ məbləği ÿ6 milyard 853,4 milyard manat olubsa, 2016-cı ilin dekabr ayında bu, 5 milyard 367,2 milyon manata düşüb. Yəni əhali bankın verdiyi faizlərdən belə imtina edərək xarici valyutanı, yəni dolları evində saxlamağa üstünlük verib. Beləliklə, sözügedən 4 ayda dollar depozitləri üzrə azalma daha sürətli olub və 23% təşkil edib.ÿÿ
Banklardan əmanətlərin geri çəkilməsi banklara, iqtisadiyyata nə vəd edir?
Nemət Əliyev: “Xarici valyutada olan əmanətlərin geri çəkilməsi bank sisteminə inamsızlığın nəticəsidir”
Iqtisadçı Nemət Əliyev bildirdi ki, banklardan əmanətlərin geri çəkilməsi tendensiyası 2015-ci il fevral ayından sonra başlayıb. Hökumətin manatı dəyərdən salması nəticəsində əhalinin ciddi zərbə aldığını deyən N.Əliyev vurğuladı ki, vətəndaşların bir qismi işini ehtiyatlı tutaraq, milli valyutada saxladıqları vəsaitləri xarici valyutaya çevirərək banklarda saxlamağa başladılar: “Hökumətin yürütdüyü pul-kredit siyasəti nəticəsində insanlar xarici valyutada saxladıqları əmanətləri də geri çəkirlər. Burada yalnız ev təsərrüfatları deyil, maliyyə təşkilatları, qeyri-maliyyə təşkilatları da fəallıq edirlər. Əhali milli valyutanı xarici valyutaya çevirəndə bu, manata inamsızlığın nəticəsi idi. Amma xarici valyutada olan ehtiyatların geri çəkilməsi ölkənin bütün bank sisteminə olan inamsızlığın nəticəsidir”.
Ölkənin bank sisteminin acınacaqlı durumda olduğunu deyən N.Əliyev bildirdi ki, banklar iqtisadiyyata kredit verə bilmirsə, o zaman bankların inkişafından danışmağa dəyməz. “Iqtisadiyyatın müxtəlif sahələrinin kreditləşməsi aşağı düşürsə, o zaman əhalinin, müəssisə və təşkilatların gəlirləri azalır. Bu ünvanların gəlirlərinin azalması, dövlətin də gəlirlərinin azalması deməkdir”, deyə N.Əliyev vurğuladı.
Samir Əliyev: “Banklar xarici valyuta ilə qoyulan əmanətlərə çox aşağı faiz verir”
Iqtisadçı Samir Əliyev “Anspress”ə açıqlamasında əhalinin qorxusunun banklardan qaynaqlandığını bildirib: “Əhalini qınamaq olmaz, iki ay ərzində altıya yaxın bank bağlandı. Təbii ki, müştərilər hesablarda olan pulları ala bilmədi. Bir neçə işləyən bankın da oxşar problem yaşaması əhalini qorxutdu”.
Samir Əliyevin fikrincə, dollar depozitlərinin azalmasının ikinci səbəbi güclü bankların xarici valyuta ilə qoyulan əmanətlərə çox aşağı faiz gəliri təklif etməsi ilə bağlıdır: “Bu depozitlərə 1-2%, bəzən hətta 0,75% illik gəlir təklif edilir. Təbii ki, belə olan şəraitdə heç kim valyutanı depozit kimi banka verməz. Banklar özləri də xarici valyuta ilə depozit cəlb eləmək istəmir. Çünki əllərində 14 milyard dollarlıq yerləşdirə bilmədikləri vəsait var. Ümumiyyətlə, Azərbaycan bankları xarici vəsaitlər də daxil olmaqla müxtəlif mənbələrdən 24 milyrd dollar vəsait cəlb ediblər. Bunun yalnız 10 milyard dollarını kredit kimi yerləşdirə biliblər. Qalan 14 milyard dollar vəsait üçün faizlərin hardan tapılacağı problemdir”.
Xəyal