Azərbaycanın rəsmi məlumatı ilə İsrail mediasının xəbəri arasında incə fərq
Xarici işlər nazirinin müavini Araz Əzimov mayın 18-19-da İsrail və Fələstində səfərdə olub. Nazirliyin yaydığı məlumatda deyilir ki, A.Əzimov İsrailin Xarici İşlər Nazirliyi, parlamenti və digər dövlət orqanlarının rəsmiləri ilə görüşlər keçirib.
Görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər, o cümlədən, nüvə təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bütün dövlətlərin, o cümlədən, İranın nüvə enerjisindən sülh məqsədi ilə istifadə hüququnun olduğu bir daha təsdiq edilib.
Fələstində isə Əzimov baş nazir Rami Hamdallah, FAT-ın baş katibi Saeb Erekat və xarici işlər nazirinin müavini Tayser Caradat ilə görüşlər keçirib. Səfər zamanı “Azərbaycan Respublikası hökuməti ilə Fələstin Dövləti hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında Saziş” imzalanıb.
İsrail mediası isə Əzimovun bu ölkəyə səfəri barədə xəbərlərində Azərbaycan tərəfin rəsmi məlumatından azacıq fərqli olan maraqlı bir detalı açıqlayıblar. Məsələn, jewish.press.com saytı yazır ki, Araz Əzimov İsrail parlamentinin xarici əlaqələr və müdafiə komitəsinin sədri Zaxi Hanegbi ilə görüşdə İranın nüvə ambisiyasından imtina etmədiyini deyib. Saytın yazdığına görə, Əzimov bu fikri İranla bağlı məsələnin müzakirəsində deyib. Sayt xəbər verir ki, bu görüş zamanı Azərbaycan XİN müavini iki ölkə arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsinin vacibliyini də vurğulayıb.
azadliq.info