“Nə vaxta qədər öz korrupsioner hakimiyyətinizi qorumaq üçün Vətən torpaqlarının azad edilməsindən vaz keçəcəksiniz?”
AXCP sədri Əli Kərimli Qarabağ problemi ilə bağlı Vyana görüşündə Azərbaycan tərəfin öz əl-qolunu bağlayan öhdəliklər götürməsini tənqid edən yazı ilə çıxış edib. Feysbuk səhifəsində paylaşdığı yazıda Əli Kərimli qeyd edir:
Əslində bu hakimiyyətin xalqa və onun ordusuna söykənəcəyinə, Rusiyanın nəzarətindən çıxacağına, torpaqlarımızın azad edilməsi üçün zəruri siyasi iradə göstərəcəyinə biz əvvəldən inanmırdıq. Amma söhbət Qarabağdan getdiyi üçün öz fikirlərimizi arxa plana keçirdik. Başlanmış hərbi əməliyyatlarda ordumuza birmənalı dəstək verdik, vətənpərvərlik ruhunun güclənməsi üçün əlimizdən gələni etdik, hətta savaş günlərində hakimiyyətin tənqidinə də moratorium qoyduq. Və bizim də qoşulmağımızla Qarabağ problemi əsas gündəm oldu. Əsas məqsəd də bu idi ki, nə olur olsun, Qarabağ problemi ən azı bir müddət gündəmin əsas məsələsinə çevrilsin. Qarabağla bağlı heç bir nəticə olmaycaqsa da, təki savaş ehtimalı gündəmdə qalsın. Belə də oldu. Tam ay yarım ərzində Qarabağ həyacanı hər şeyi gündəmdən çıxara bildi. Qarabağla bağlı yaşanan acı, ümid, həyəcan, qəzəb, qələbə arzusu polis işgəncəsilə öldürülənlərin ah naləsini, intihar edən çarəsizlərin iniltisini, işsizliyə, aclığa məhkum edilmiş 100 minlərin sızıltısını eşidilməz etdi. Amma yalnız bir yerə qədər belə davam etmək olardı. Vyana görüşündən sonra məlum oldu ki, aprel ayında verdiyimiz bu qədər itkilərdən sonra da torpaqlar yenə işğal altında qalır, hətta Azərbaycan rəhbərliyi atəşkəsi bir daha pozmayacağı ilə bağlı üzərinə öhdəlik də götürür. İndi isə cavab vermək zamanı gəldi. Nə vaxta qədər bu xalqı aldadacaqsınız? Nə vaxta qədər öz korrupsioner hakimiyyətinizi qorumaq üçün Vətən torpaqlarının azad edilməsindən vaz keçəcəksiniz? Nə vaxta qədər Qarabağ problemini həll etməklə deyil, bu problemdən sui-istifadə edib ölkənin gündəmini dəyişməklə, digər ciddi problemlərini unutdurmaqla məşğul olacaqsınız?