Dağıstanda Baş Qərargah rəisinin adının əbədiləşdirilməsinin səbəbi nədir?
Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov vəzifədən azad edildiyi barədə məlumat yayılıb. Müxtəlif saytlarda yayılan xəbərdə bildirilir ki, Nəcməddin Sadıqov aprel ayında erməni təxribatına cavab olaraq keçirilən hərbi əməliyyatlar zamanı taktiki səhvlərə yol verdiyi üçün tutduğu vəzifədən azad edilib. Müdafiə Nazirliyi xəbəri təkzib edib. Nazirliyin mətbuat xidməti bu məlumatı “orduya qara yaxmaq və düşmən dəyirmanına su tökmək məqsədi daşıyan böhtan xarakterli yazı” kimi qiymətləndirib.
Bu arada dia.az saytı Nəcməddin Sadıqovla bağlı ilginc faktlar aşkarlayıb. Sayt yazır ki, Dərbəndin mərkəzi küçələrindən biri Nəcməddin Sadıqovun adını daşıyır. Sayt həmin küçədən fotolar da yayıb. Məlumata görə, Nəcməddin Sadıqovun adına küçə verilməsi böyük törənlə qeyd olunub və hətta baş qərargah rəisi şəxsən həmin tədbirdə iştirak edib.
Əlbəttə, Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Dağıstanın “Milli Qəhrəman”ı elan olunması, Dərbənddəki oxuduğu orta məktəbin qarşısında büstünün qoyulması, daha sonra şəhərin ən böyük küçələrindən birinə onun adının verilməsi səbəbsiz deyil. Lakin bəlli deyil ki, bütün bu addımlar atılarkən hansı səbəb və kiriteriyalar əsas götürülüb? Çünki Nəcməddin Sadıqovun hərbçi olaraq Dağıstanla bağlı xidməti və fəaliyyəti olmayıb. Sayt daha sonra yazır: “Demək ki, bunların səbəblərini başqa xüsuslarda axtarmaq lazımdır. Bəs hansı xüsusda? Axı necə olur ki, bir müddət öncə Dağıstanda Heydər Əliyevin adını daşıyan küçənin ləğv edilməsi üçün aksiya kecirilir, amma Nəcməddin Sadıqovun adı günü-gündən əbədiləşdirilir? Əgər bu hərbi əməkdaşlıqla bağlıdırsa, onda niyə Ali Baş Komabdanın adına Dağıstanda nəinki kücə, büst, məktəb, təqaüd – heç adi baralef yoxdur, amma baş qərargah rəisinin adına hər şey var?
Bütün bunların arasında ən maraqlı sual isə Nəcməddin Sadıqova Azərbaycan hakimiyyəti tərəfindən niyə “güldən ağır söz deyilməməsidir”.