Ölkədə insan kimi yaşamaq üçün, onsuz da, heç bir imkan yoxdur. Bütün işıq gələn yerlərə pambıq tıxanıb. Bütün yollara şlaqbaum qoyulub. Bütün qapılara “bağlıdır” lövhəsi asılıb. Qarşımızda bütün keçidlərin qadağan olduğunu göstərən nişanlar var. Bu şərtlər altında istər-istəməz düşünürsən ki, Azərbaycan insanı öz ölkəsində sürünə-sürünə keçinib, nə zamansa status alacağını gözləyən qaçqın mühacirlərə bənzəyir. Yanlış anlaşma olmasın. Siz bu qeyd etdiyim mühacirlik məsələsini Avropa gerçəkləri ilə qarışdırmayın. Söhbət bizim reallığın günlük mənzərəsində yaşananlardan gedir. Insanlar hər gün eyni yollardan yürüyür, eyni qapıları döyür, eyni cəhdləri edir, eyni əzabları yaşayır, amma heç nə də dəyişmir. Bax, ən böyük dərd budur. Ən böyük dərd bütün əlləşib-vuruşmalara, çalışmalara, çapalamalara, oda-közə vurulmalara baxmayaraq, heç nəyin dəyişməməsidir. Ən böyük dərd hər gün bunun sıxıntısını yaşamaq, dönə-dönə əzilmək, çatlamaq, yanmaq və yenə bu ağırlığa qatlanıb birtəhər yola davam etməkdir. Bu yolun davamı da ki, eyni qayğıların, eyni problemlərin, eyni işgəncələrin və məşəqqətlərin təkrarlanmasından başqa bir şey deyil. Ola da bilməz. Çünki belə mühitlərdə hüququnun davasını döyməlisən, onu almaq üçün səsinlə bir bağırmağı, özünü kimsəyə əzdirməməyi, haqqını kimsəyə yedirməməyi bacarmalısan. Bəli, məhz bacarmalısan. Bacarmaq zorundasan. Yoxsa, həyatın boyunca bu günlük işgəncə cədvəlini təkrarlamaq məcburiyyətində qalarsan. Eynilə, bugünkü reallıqda qaldığınız kimi…
Indi içinizdən biri çıxıb, “haqq arayanların, etiraz edənlərin, halıyla barışmayanların başına gətirilənləri də gördük” desə, haqlı sayılacaq. Haqlı sayılacaq, amma o zaman ortaya daha bir tutarlı arqument çıxır. Siz o insanların sayının minlərlə, on minlərlə olduğu halda, başlarına bu işlərin gələcəyinimi düşünürdünüz? Xeyr, heç bir halda. Onların hədəf alınması, təqib edilməsi, şərlənməsi, məhkəmələrə çəkilməsi, həbslərə atılması nədən baş verir, bilmirsinizmi? Məhz azlıqda olmalarından. Zamanında onlar kimi haqqının davasını aparan beşcə min cəsur insan olsaydı ortada, ölkə necə fərqli olardı, təsəvvür edirsinizmi? Təsəvvür etmək belə həyəcanlandırır insanı. Ölkədə, ən azından, çoxluqla hesablaşmaq zərurətini anlayacaqdılar. Bu da elə cəmiyyətdə qanun və hüququn tanınması, qəbul edilmə məcburiyyəti deməkdir. Biz bundan artıq nə istəyirik ki, daha?..
Bu sayaq söhbətlərdən, belə bir sual da yaranır, şübhəsiz: nədən bizim insan kimi yaşamaq imkanlarımız, stimullarımız olmasın ki? Bu qədər zənginlik qaynayan, qazanc tökülən ölkədə niyə yoxsulluğun, əliboşluğun, çarəsizliyin girdabında çırpınıb dururuq ki? Niyə sorağı uzaq ölkələrdən eşidilən milyardların qoxusu bu ölkə insanının burnuna belə gəlib çatmır? Niyə bu qədər pul-paradan bizim həyatımızda kiçik bir detalı dəyişməyə belə rəva görülmür? Bu suallara cavab axtaran onlarla dəyərli insanımız illərdir həbsxanalarda yatır. Yüzlərlə, minlərlə insanımız bezərək ölkəni tərk edib, qürbət ölkələrə gedib. Ölkə isə ölüm-dirim mübarizəsi havasında o yan-bu yana ləngərləyib durur. Bir yanda qanunçuluq, ədalət, hüquqi cəmiyyət uğrunda çarpışanlar, o biri yanda heç bir güzəştə getmədən qeyri-qanuni yollarla ölkəni girdaba sürüyənlər. Ölkədən oğurluqla böyük milyardlar toplamış ikincilərin, yalnız intellektinə, təhsilinə, istedadına güvənən birinciləri həbsxanalara doldurması bu “qarşıdurmanı” kökündən həll etmək hikkəsidir. Onlar qarşılarında kimsənin əngəl olmasını istəmirlər, şübhəsiz. Aylarla maaşsız gəzən, işsizliklə sınağa çəkilən, kirayələrdə yaşayan birincilər isə çox güclüdürlər. O höcətləri sındırmaq olmur. Olmayacaq da. Amma durumu dəyişmək, onların sırasını genişləndirməklə böyük nəticələrə nail olmaq da sizdən asılıdır. Bilin ki, on minlərin inadlı və haqlı sözü qarşısında dayana biləcək heç bir güc yoxdur.