Əli Kərimli: “Bu ölkədə qanunun aliliyi ictimai fikrin tələbinə çevrilməlidir”
AXCP sədri Əli Kərimli hüquq-mühafizə orqanlarında vətəndaşlara işgəncə verilməsi hallarına qarşı çıxmağa çağırıb. AXCP lideri feysbuk səhifəsində paylaşdığı yazıda qeyd edib:
Güc strukturlarında yenidən hacı məmmədovlar, akif çovdarovlar yaranmasını millət olaraq istəmiriksə, səsimizi qaldırıb, etiraz etməliyik. Bir gün oxuyuruq ki, Tale Bağırzadə dəhşətli işgəncələrə məruz qalır (o məşhur sitatda deyidiyi kimi), səsimizi qaldırmırıq ki, biz dindar deyilik. Sonra eşidirik ki, AXCP üzvü Araz Səməd facebookdakı yazılarına görə “bandotdeld” də döyülüb, “biz cəbhəçi deyilik ki”, düşünərək yenə susuruq. Sonra eşidirik ki, Naxçıvanın keçmiş MTN şefi Vəli Ələsgərovu işgəncəyə məruz qoyub, ağır təhqir ediblər (bəli, həmin Vəli Ələsgərovu – vaxtilə özü hər cür qanunsuzluqlara, işgəncələrə əl atmış korrupsioner keçmiş naziri), “əvvəla biz məmur deyilik, ikincisi də həmin o keçmiş nazirə əcəb olur, özü vaxtilə o qədər ev yıxıb ki” düşəncəsilə yenə susuruq. Və beləliklə, cəzasızlıq mühiti yaranır, işgəncə, sərf etməyən adamları linc etmək, qanundankənar yollarla cəzalandırmaq legitimləşir.
Akif Çovdarovun da dəstəsi belə başlamışdı, sonrasını bilirsiniz. Çətini “dövlət sifarişilə” 2-3 qanunsuzluq edənə qədərdir. Rəhbərlər ki, bu qanunsuzluğa alışdı, sonrasını özünüz bilirsiniz, iştah diş altındadır. “Rejimin siyasi maraqları naminə” edilən hər bir qanunsuzluğun gözünə qatıb, tamah və s. şəxsi motivlərlə onlarla başqa cinayəti də törədib cəzasız qalmaq olur. Ona görə də paqon altında yeni hacı məmmədovların, akif çovdarovların yetişməməsi, özümüzün də bir gün belə bandaların qurbanı olmamağımız üçün heç bir qanunsuzluğa biganə qalmamalıyıq. Bizə şəxsən yaxın olmayanlara, əqidəcə bizə əks olanlara, hətta pis və yaramaz adamlara qarşı da işgəncəyə, insan ləyaqətini alçaldan qeyri-insani hərəkətlərə etiraz etməliyik. Çünki “pis adam” söhbəti çox subyektivdir. Zamanından və baxanın kimliyindən asılı olaraq, hər kəs “pis adam” çıxarıla bilər. Ona görə də hətta ən pis adamların da qanundan, məhkəmədən kənar cəzalandırılmasına toplum olaraq imkan verməməliyik. Bu ölkədə qanunun aliliyi ictimai fikrin tələbinə çevrilməlidir.
P.S. Dostlar, təbii ki, Hacı Tale Bağırzadə, cəbhəçi şair Araz Səməd Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri ilə müqayisə olunası adamlar deyil. Çatdırmaq istədiyim mesaj budur ki, nəinki yaxşıların, hətta çox pis adamların da işgəncəyə məruz qalmadığı bir dövlət qurmalıyıq.