Azərbaycanın ABŞ-dakı səfiri: «Qarabağla təkcə Rusiyanın məşğul olmasını istəmirik»
Rusiya XIN başçısının Ermənistan səfəri Kremlin Qarabağla bağlı həll modeli ətrafında müəmmalara aydınlıq gətirə bilər. Hazırda Rusiyanın regionda aktiv xarici siyasət yürütdüyü görünür. Hətta artıq Kremlin konkret həll planının olduğu da bildirilir. “Kazan modeli” və ya “Lavrov planı” adlandırılan həmin planın bəzi detalları barədə həm rusiyalı siyasi ekspertlər və Rusiya KIV-ləri, həm də yerli təhlilçilər son günlər bəzi mülahizə və fikirlər səsləndiriblər.
“Putin Qarabağla şəxsən məşğul olur”
“Izvestiya” qəzeti Kremldəki etibarlı qaynaqlara istinadən yazıb ki, Putin şəxsən Qarabağ məsələsi ilə məşğul olmaq qərarı verib: “Rusiya, şəxsən prezident Putin yaxın günlərdə başlayacaq Qarabağ danışıqlarında kompromis əldə olunmasına aktiv şəkildə yardımçı olacaq. Putin Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir”.
“Rusiyanın Qarabağ planı”
“Izvestiya” Azərbaycan ərazilərinin bir qisminin nəyin qarşılığında azad olunması haqda da yazmışdı: “Plan ondan ibarətdir ki, Azərbaycan ərazilərinin bir qismi qaytarılır, münaqişə zonasına sülhməramlı qüvvələr yeridilir, köçkünlər qayıdır və Dağlıq Qarabağ legitimləşir, yəni sərhədlər açılır, iqtisadi əlaqələr bərpa edilir, daha sonra, yəni emosiyalar yatdıqdan sonra regionun mənsubluğu haqda referendum keçirilir”.
Amma Rusiyanın danışıqlarda bu aktivliyi birmənalı qarşılanmır. Bunu Azərbaycanın ABŞ-dakı səfirinin dedikləri də təsdiqləyir.
Azərbaycanın ABŞ-dakı səfirindən etiraz
Amerikanın CNS.org portalında dərc edilmiş məqalədə Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanovun fikirlərinə yer verilib. Səfir deyib ki, təmas xəttindəki son döyüşləri qızışdıran tərəf Ermənistan olub.
“Biz bu eskalasiyada maraqlı deyildik. Azərbaycan sülhün əldə edilməsi naminə beynəlxalq dəstək axtarışındadır. BMT Təhlükəsizlik Şurası işğal edilmiş ərazilərin boşaldılmasını tələb edən 4 qətnamə çıxarıb, ancaq Ermənistan bu qətnamələrə əməl etmir və status-kvonu saxlamaq istəyir. Indi dünyada görün nə qədər münaqişə ocaqları var. Bizim münaqişənin fəal müharibəyə keçməməsi üçün ona laqeyd qalmaq yox, Ermənistana təzyiqlər göstərmək lazımdır”- səfir deyir.
Elin Süleymanov qeyd edib ki, hazırda Rusiyanın regionda çəkindirici diplomatik gücü böyükdür və Moskvanın iştirakı yaxşıdır. Ancaq Moskvanın roluna dair skeptizmin meydana çıxması üçün hansısa səbəblər də var. Onun fikrincə, birincisi, Ermənistan son illər faktiki olaraq Rusiyanın regiondakı bazasına, forpostuna çevrilib. Ermənistan Avrasiya Ittifaqına üzv olduqdan sonra bütün xarici əlaqələrini Moskva ilə koordinasiya edir. Rusiya silah almaq üçün Ermənistana 200 milyon dollar güzəştli kredit ayırıb.
“Biz isə Rusiyadan nə alırıqsa, bazar qiymətinə alırıq. Ermənistan subsidiyalarla, yaxud pulsuz alır. Bu məsələni Azərbaycan Rusiyanın qarşısında qaldırıb. Biz Moskvanın iştirakını istəyirik. Ancaq hərtərəfli nizamlamanın formalaşdırılması üçün sadəcə olaraq bir tərəfin iştirakı ilə qane ola bilmərik. Bizə balanslaşdırılmış nizamlama variantının əldə edilməsi üçün Rusiyanın, Fransanın və Birləşmiş Ştatların iştirakı lazımdır”- Azərbaycan səfiri bildirib (virtualaz.org).
Bəs, Qarabağın Rusiyanın planlarına uyğun həll variantı Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur? Ümumiyyətlə, bu cür həll variantı ilə Ermənistan razılaşacaqmı?
Digər tərəfdən, Azərbaycanın ABŞ-dakı səfirinin açıqlaması da hazırda birmənalı qiymətləndirilmir. Çünki E.Süleymanov sıradan ölkədə yox, ABŞ-da səfirdir və onun bu açıqlaması digər strukturlarla paralel səslənmir. Bu açıqlamanı hətta hakimiyyət daxilində parçalanma kimi də dəyərləndirmək olar.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, Budapeşt sammitində qəbul olunan qərara görə, Qarabağa yerləşdirilə biləcək sülhməramlı qoşunlar yalnız ATƏT bayrağı altında ola bilər. M.Əliyevin sözlərinə görə, həmin qoşunların tərkibində isə bir dövlətin əsgəri gücü 30 faizi keçə bilməz: “Rusiya Qarabağa yerləşdiriləcək sülhməramlıların tərkibində iştirak edə bilər. Amma müəyyən çərçivə daxilində. Rusiyanın hazırda danışıqlar prosesində fəallaşmasına gəlincə, görünür, beynəlxalq oyunçular ABŞ və Avropa Birliyi Rusiyaya əsas danışıqları aparmağı həvalə ediblər. Amma ABŞ və Avropa Birliyi də bu prosesin birbaşa içindədirlər və gələcəkdə atılacaq addımlar razılaşdırılmış şəkildə olacaq”.
Azərbaycanın ABŞ-dakı səfirinin açıqlamasına gəlincə, M.Əliyevin fikrincə, bu açıqlama ona işarədir ki, Azərbaycan münaqişənin həllində üçtərəfli vasitəçiliyin olmasını istəyir və bu həll variantının üzərində dayanır.
Xəyal