Hakimiyyətin süfrəsinin qırağında bəslənən bir rəy şirkəti məlumat yayıb. Məlumatda onların Bakıda və əyalətlərdə sorğu keçirdikləri bildirilir. Mən nəticələrlə tanış oldum, sanki sorğu deyil də, Məzahir Pənahovun səsvermə protokollarıdır. Hətta şeytan adamı azdırır, az qalırsan, Məzahir müəllimin ölüb keçənlərinə rəhmət oxuyasan. Guya, qarşımızdakı bazar günü seçki olsa, əhalimizin 90 faizə yaxını Ilham Əliyevə səs verməyə hazırdır. Yəqin, rəyi soruşulanlar zarafatcıl gənclər imiş; Bakı küçələrində analoqsuz sürüşmə məntəqələri yaratdığına görə Ilham Əliyevin növbəti dəfə hökmdar olmasına “hə” deyiblər.
90 faiz… Qulağa xoş gəlir, ancaq bu rəqəm saxtalığı ilə Ilham Əliyevdən başqa bir kimsəyə zərər vermir. Birincisi, ona görə ki, bu rəqəmi heç kim ciddiyə almır. Inanmır. Ona inanmaq istəyən elə hökmdarın özüdür. Buna görə də hər dəfə Məzahir müəllim o rəqəmi qutudan çıxarmaq üçün xeyli zəhmətə qatlaşır.
Ya qibleyi-aləm, madam ki, sizi 90 faiz dəstəkləyir, bunca insan sizin yolunuzda canını fəda etməyə hazırdır, bəs hanı sizin bu insanlara lütfkarlığınız? Niyə bu sadiq təbəələrinizə sitəm edirsiniz? 60 faizi sizi dəstəkləsəydi, yenə xalqa etdiyiniz zülmü başa düşərdik, deyərdik ki, o namərd 40 faizə görə əlahəzrətin ürəyi bizdən qırıqdır. Ya qibleyi-aləm, 90 faiz kiçik rəqəm deyil, 10 faizə görə də bu qədər zülmkarlıq bizə rəvadırmı? 10 faizəmi görə qiymətləri gündən-günə bahalaşdırıb şirin həyatımızı zəhər edirsiniz?
10 faizəmi görə nadan, cahil, nəzakət və mərhəmətdən məhrum insanları bizə məmur edirsiniz?
Günümüzün möcüzəsi
Dindarların sevərək tez-tez danışdığı bir hekayət var. Onlar daşların altında boy verib çıxan kövrək bitkini göstərər və deyərlər ki, Allahın qüdrət verdiyi ən zəif və zərif şey belə, ən qaba və sərt birinə qalib gəlməyə qadirdir.
Din təbliğatçısı olsaydım, ötən gecə başıma gələn əhvalatı danışmaqla yuxarıdakı hekayəti çox məclisdə kölgədə qoyardım. Hadisə belə baş verdi: 3 gündür infrastrukturumuzun analoqsuzluğu ucbatından evimizdə bir qaşıq su tapılmadığı halda, bir də nə görsəm yaxşıdır; evimizin 10 metrliyində asvalt yarılıb, iki yerdən pırıl-pırıl su fışqırır. Bu da bizim üçün oldu süni bulaq. Şaxta özü su kəmərini partladaraq bizim təşnəmizi və Bakı Şəhər Icra Hakimiyyətinə olan nifrət alovumuzu söndürdü.
Xudayar bəyin efirə zəng etməsi
Dünən “Onun yarısı” verilişinə orta yaşlı xanım üçün yaşlı bir kişi zəng edib. Deyib ki, mən studiyaya gələ bilmərəm, çünki bələdiyyə sədriyəm. Studiyada sükut yaranıb, amma onu sədr özü pozub: “Mən kitab açdırmışam, o qadın mənə düşür”.
“Onun yarısı”na bir sözüm yoxdur, bu verilişdə kim qismətini tapır, xoşbəxt olsun. Məni yandırıb-tökən bələdiyyə sədrinin mövqeyidir. Bu elə bir ölkədə baş verir ki, o ölkədə Cəlil Məmmədquluzadə var, onu yaratdığı “Danabaş kəndinin əhvalatları”, Xudayar bəy var.