Kitab ilində xoş gördük. Biz indi o ölkələrdənik ki, hər şeyi öz adı ilə çağırırlar. Adı da ya xalq verir, ya da hakimiyyət. Bizim hakimiyyətsə ad qoymaqda ustadır. Heç Dədə Qorqud da bunlar kimi ad qoymaqda istedadlı olmayıb. Yox, elə sanmayın ki, biz bu analoqsuz iqtidarın ad qoymasına paxıllıq edirik.
Ümumiyyətlə, ad qoymaq, adlandırmaq pis bir şey deyil. Sadəcə, adın arxasında, verdiyin sözün dalında bir əməl dayansın, varlıq olsun. Bizim adlı illərimiz çox olub, biri 2007-ci ildir. “Gənclər ili” adlandırmışdılar, Allah qoymasa, gənclərə qayğı göstərəcəkdilər. 2007-ci il uzaq tarix deyil, çevrilib arxaya baxanda hər şeyi xatırladığımız bir tarixdir. Gənclər ilində Azərbaycan gəncinin dadına çatacaq bir iş görmədilər. Bir xeyli tədbirlər planı hazırlamışdılar, ancaq kimisə “o tədbirlərdə iştirak etdim”, “bəhrələndim”, “öyrəndim” deyən görmədim. Bəlkə kimlərsə o illərdə “Heydər Əliyevin siyasi kursu”nun layiqli davamçısı olmağı məniməsəyib, bu biz girən kol, bacaran iş deyil. 2009-cu ili “uşaq ili” elan etmişdilər. Elə həmin ilin sonuncu günü Bakının 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsində ÿuşaq meydançasını yerlə-yeksan edib yerində bina tikməyə hazırlaşdılar. Uşaq ili bitəndən bir neçə ay sonra Dubayda ölkə başçısının 11 yaşlı oğlunun 75 milyonluq villası olduğu xəbəri yayıldı. BMT-nin ötən il yaydığı sənədə görə, Azərbaycanda beş yaşına çatmamış uşaqlar arasında hər 1000 nəfərə təqribən 33 ölüm düşür. Hər 100 000 doğuş zamanı isə 38 ana dünyasını dəyişir. 2010-cu ili “Ekologiya ili” etdilər, yanvar ayndan başlayaraq ağacların təmir-tikinti işi ilə əlaqədar “soyqırımı” başladı, təkcə Koroğlu Rəhimov küçəsində 150 ağac kəsildi (mənbə – “Azadlıq” radiosu).
2011-ci ili “Turizm ili” idi, yenə azərbaycanlılar dincəlmək üçün Türkiyə və Gürcüstana üz tudu.
Biz bu qaydada olanları yazanda həqiqəti görmürsüz deyirlər, yəqin ki, adlı illərimiz haqda da bu yazıya dodaq büzən, bizə nankor deyənlər olacaq. Ancaq nə edək? Axı həqiqətən heç nə baş vermir. Ilə ad qoyurlar, il də qalır yana-yana, turizm də, gənclik də. Nə bilmək olar, bəlkə bu adamlar elə düşünür ki, elə adın verdin, gənc özü inkişaf edəcək, turizm özü öz hesabına çiçəklənəcək?
Niyə məhz idman?
Deyim ki, uşaqlığımdan idmanla məşğul olmamışam. Indi də məşğul olmuram. Uşaq yaşlarımızda həmyaşıdlarımla bütün günü o qədər iş-güc arxasınca qaçırdıq ki, nə idman yada düşürdü, nə də ona vaxt və həvəs qalırdı. Əslində, heç bizim o şoran torpaqda qurulmuş kəndimizdə idman üçün uyğun bir yer də yox idi. Nə idman meydançası var idi, nə də futbol oynamağa bir yer, nə də turnik… Sonra universitetə gəldim, orda da idman adına bir şey görmədik. Həftənin ya 2-ci, ya 3-cü günü səhər tezdən bizi Qələbə meydanının arxasındakı stadiona aparırdılar. Stadionun da normal şəraiti, idmandan sonra yuyunmaq üçün isti-soyuq suyu olmadığına görə, dərsdən imtina edirdik. Bir qayıba sarılıb hərə öz işi ilə məşğul olurdu. Nəhayət, istədim bu günlərdə səhərlər idmanla məşğul olum. Alınmadı. Çünki paytaxtın birinci rayonunun “20-ci sahə” deyilən ərazisində bir stadion var, o da səkkiz-doqquz aydır təmirdədir.
Şəhərdə, rayonlarda Olimpiya Komplekslərinə girmək o qədər də asan deyil, ayrı-ayrı futbol meydançaları da bahadır. Məsələn, ötən yay bir qrup gənc, jurnalist, gənc fəallar futbol oynayanarkən, ən ucuz stadionda bir saata 25-30 manat pul verirdik.
Əslində, bunları yazmaqla idmanı gözdən salmaq və ya bu ilin “Idman ili” adlandırılmasına qarşı bir pis niyyətim yoxdur.
Cənab ad qoyanlar, Əliyevlər, yeni azərbaycanlılar, ola bilsin ki, siz ya ənənəvi qaydada imitasiya etmək istəyirsiz, ya da həqiqətən mitinqlərdə bizi döydürmək üçün idmançı hazırlamaq istəyirsiz. Içinizdə nə qədər pis niyyətli olsanız da, bir qədər savadsız səslənsə də, deməliyəm ki, idman yaxşı şeydir. Bununla belə, soruşuram, niyə təhsil ili yox? Niyə yoxsulluqdan, evsizlikdən qurtulmaq ili yox? Niyə siyasi azadlıqlar ili yox? Niyə məhz, idman? Aydındır ki, suallara cavab verməzsiz. Çünki eşitmirsiz, çünki polisin arxasındasız, çünki hələ biz o qədər güclü və çox deyilik ki, səsimizi eşidəsiz. Ancaq bir gün eşidəcəksiz.
Əzələləri şişirtmək, yoxsa?
Stefan Sveyqin öz başına gələn hadisələrdən bəhs edən “Dünənin Dünyası” kitabından idman və təhsillə, oxumaqla bağlı diqqətimi cəlb edən bir hissəni təqdim edirəm: “13 yaşındaykən intellektuallıq və ədəbiyyat epidemiyasına yoluxduqda buz xizəyini bir kənara buraxmış, atamla anamdan rəqs kursu üçün aldığım pulu kitablara xərcləməyə başlamışdım. On səkkiz yaşına çatdıqda üzməyi, rəqs etməyi və tennis oynamağı bacarmırdım… Idmanın bütün sürət və rekordları qarşısında at yarışını izləmək üçün razı salınmağa çalışılırkən şərqlilərə xas tərzdə ”niyə bir atın digərindən sürətlə qaçdığını bilirəm. Hansının daha sürətli olduğu məni maraqlandırmır” – deyən Iran şahından fərqim yoxdur. Bədən fəaliyyətlərini də lap kart oyunu kimi vaxt itkisi kimi görürdük… Insan əzələlərinin qayğısına qalmazsa, bunu sonralar yoluna qoya bilər, düşüncədəki inkişaf, ürəyin yaxalanma gücü isə ancaq inkişaf dövründə mümkündür”.
Əzələni həmişə böyütmək olar, ötən üç ildə ali məktəblərə qəbul zamanı abituriyentlərin altmış-yetmiş faizinin 200 bal toplaması rüsvayçılığını aradan qaldırın.