Gəncənin icra başçısı paytaxta mer gətirilir
“Eurovision-2012” mahnı müsabiqəsindən sonra Bakı meri Hacıbala Abutalıbov postunu itirə bilər. ”Azadlıq”a daxil olan məlumatda bildirilir ki, Hacıbala Abutalıbov Gəncənin icra başçısı Elmar Vəliyevlə əvəzlənəcək. Elmar Vəliyev Gəncəyə icra başçısı təyin ediləndə ona bildirilib ki, bu təyinat Bakıya rəhbər gətirilmək üçün tramplin rolunu oynayır.
Məlumatda o da qeyd olunur ki, bugünlərdə Gəncəyə səfər edən Ilham Əliyevin Elmar Vəliyevin fəaliyyətini təqdir etməsi səbəbsiz deyilmiş. Ölkə başçı şəhərdə aparılan abadlıq işlərilə tanış olarkən deyib ki, “belə davam eləsə, Gəncə Bakını ötəcək”. Bu fikir Elmar Vəliyevin Bakı meri təyin olunmasına Ilham Əliyevin razılığı kimi dəyərləndirilir.
Qeyd edək ki, Elmar Vəliyev prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun rəhbərlik etdiyi qruplaşmaya daxildir. General xeyli müddətdir ki, onu Bakıya mer gətirməyə çalışır.
Lakin Hacıbala Abutalıbovun postunda hakimiyyətdəki başqa qrupların da gözü var. Paşayevlər Sumqayıtın icra başçısı Eldar Əzizovu, Kəmaləddin Heydərov Qaradağın icra başçısı Süleyman Mikayılovu, Ziya Məmmədov isə Nəsimi rayonunun icra başçısı Nəsib Məhəməliyevi bu posta gətirmək istəyir.
Informasiya şöbəsi