Samir Şərifovla Ramiz Həsənov Əyar Palatasına görə üz-üzə gəlib
Maliyyə naziri Samir Şərifovla Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov arasında qarşıdurma yaranıb. Buna səbəb isə Ramiz Həsənovun Əyar Palatasını nəzarətinə keçirmək istəyidir.
Bununla bağlı “Azadlıq”a daxil olan məlumata görə, Ramiz Həsənov Əyar Palatasının da onun rəhbərlik etdiyi komitənin tərkibində fəaliyyət göstərməsini məqsədəuyğun hesab edir. Komitə sədrinin fikrincə, Əyar Palatası faktiki Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin işini görür. Yəni, bir halda ki, məhsul və xidmətlərin standartını sözügedən komitə müəyyənləşdirir, o zaman qızıl sahəsində bu vəzifəni yerinə yetirən Əyar Palatası da bu quruma birləşdirilməlidir.
Samir Şərifov isə Ramiz Həsənovun iddia və arqumentlərini rədd edərək, Əyar Palatasının Maliyyə Nazirliyinin tərkibində saxlanılmasını istəyir.
Əslində, Samir Şərifovla Ramiz Həsənovun savaşı Əyar Palatasının gətirdiyi gəlirlər üstündədir. Elə bugünlərdə məlumat yayıldı ki, Əyar Palatası iri zərgərlik mağazalarında reydə başlayıb. Bu reydlər qızıl məmulatlarına milli əyar vurulması məqsədilə keçirilir. Əyar Palatası hesab edir ki, Azərbaycanda satışda olan bütün qızıl məmulatlarına milli əyar vurulmalıdır.
Qızıl məlumatlarının satışıyla məşğul olan şəxslərin sözlərinə görə, milli əyarın vurulması üçün hər məmulata görə 10 manat alırlar. Lakin 2 manata rəsmiləşdirirlər. Təkcə bu fakt Əyar Palatasının nə qədər gəlirli qurum olduğunu göstərir.
Informasiya şöbəsi