Hakimiyyət partiyasının qəzeti Ərdoğan hökumətinin “daşını daş üstündə qoymadı”
«Yeni Azərbaycan» Əminə Ərdoğanı da tənqid atəşinə tutdu
Azərbaycan hakimiyyəti “oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı” prinsipi ilə Türkiyəyə qarşı hücuma start verib. Əliyev rejimi Fransa Senatında qəbul olunan “inkar qanunu” ilə bağlı cəsarətsiz mövqe sərgiləməsinə Türkiyə tərəfindən tənqidi yanaşılmasını həzm edə bilməyərək Ərdoğan hökumətini topa tutub. Hakim YAP-ın orqanı “Yeni Azərbaycan” qəzetinin dünənki sayında “Türk diplomatiyası, Azərbaycan və erməni iddiaları” başlıqlı yazı Ilham Əliyevin Türkiyənin tənqidinə cavabı kimi dəyərləndirilə bilər. Həmin yazı Ərdoğan hökumətinin “uğursuzluqlarından” bəhs edir. Məqalədə deyilir ki, AKP hakimiyyəti “sıfır problem” siyasəti yeridərək Türkiyənin “strateji dərinliyini”, yəni regionda təsir imkanlarının artmasını təmin etmək məqsədi güdürdü. Lakin bunun əksi baş verib. Türkiyə silsilə uğursuzluqlara imza atıb və qonşu dövlətlərlə münasibətləri pisləşib.
Bununla YAP hakimiyyəti faktiki olaraq Ərdoğanın yarıtmaz siyasətçi saydığını ortaya qoyub. Daha sonra Ərdoğanla Bəşər Əsədin “şəxsi dostluğuna” işarə vurmaqla YAP hakimiyyəti baş nazirin heç də hər zaman demokratiyanın yanında olmadığını, demokratiya anlamının əslində AKP üçün korporativ maraqlara xidmət etdiyini sübut etməyə çalışıb. Əliyev rejimi hesab edir ki, bu uğursuzluqların kökündə Türkiyənin atdığı bir çox addımların ideoloji amillərə əsaslanması və siyasi realizmdən uzaqlığı dayanır.
Yazıda Fransa Senatının məlum qanunu qəbul etməsi də Türkiyənin uğursuzluğu ilə izah edilir. Yazının məhz bu hissəsində Türkiyə daha çox ittiham olunur: “Ermənistanla başlayan normallaşma prosesi iddia edildiyi kimi sonda Türkiyənin regionda mövqeyini gücləndirməyə, Ermənistanın isə əsassız iddialardan əl çəkəcəyinə hesablanmışdı. Lakin hadisələrin gözlənilən istiqamətdə inkişafı ilk əvvəldən göstərdi ki, futbol diplomatiyası uğursuzluğa məhkum edilmişdir. Bu prosesin Türkiyə üçün sadəcə itirilmiş vaxt olduğunu desək heç də yanılmarıq”.
Əliyev rejimi bu məsələdə Türkiyəyə ciddi dəstək verdiyini iddia edir. Lakin bu dəstəyin hansısa qruplar tərəfindən qaneedici sayılmadığını vurğulayır. Və bunun qarşılığında Türkiyəyə Xocalı faciəsi xatırladılır. Iddia olunur ki, Xocalı faciəsi yalnız indi, Fransa Senatının məlum qanunundan sonra Ərdoğanın yadına düşüb. Bununla Ərdoğan hakimiyyəti Azərbaycana qarşı münasibətdə qeyri-səmimilikdə suçlanır.
Məqalədə, hətta Ərdoğanın xanımı Əminə Ərdoğan da tənqid olunur: “Türk hökuməti fələstinliləri ərəb ölkələrinin özlərindən daha çox müdafiə edir. Əlbəttə, fələstinlilərin hüquqlarını müdafiə etmək hər birimizin borcudur. Lakin niyə hər zaman Fələstindən danışan Əminə Ərdoğan Xocalını yadına salmır?!”.
Azad