Nurəddin Məmmədli: «Azərbaycanın hazırkı çoxqütblü siyasəti davam edərsə, bu, ölkəyə çox ciddi problemlər yaradacaq»
Ölkə başçısı İlham Əliyevin Türkiyə səfəri və orda verdiyi bir sıra bəyanatlar hazırda mətbuatın əsas müzakirə mövzusudur. Hökumət mediası bu səfəri xarici siyasətimizin ciddi uğuru kimi dəyərləndirir.
Türkiyənin xarici siyasətini Azərbaycanın dəstəkləməsini və ortaq maraqların birgə müdafiəsini cəmiyyət də alqışlayır. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Türkiyə Azərbaycan müstəqillik qazanandan milli maraqlarımızın təmənnasız müdafiəçisi olub. Ona görə son terror hadisəsindən sonra Ilham Əliyevin Türkiyəyə səfər etməsi müsbət addımdır. Amma bir məqamı da unutmaq olmaz. Çünki Azərbaycanın xarici siyasət vektoru bir sıra ziddiyyətlərlə doludur. Azərbaycan son bir neçə ayda bir-birilə bəzi hallarda ziddiyyət təşkil edən siyasi bəyanatlarla çıxış edib. Suriya probleminin həlli ilə bağlı Londonda keçirilən toplantıda iştirak edən dövlət başçısı Suriya probleminin həllində Qərbin mövqeyini dəstəklədiyini bəyan etmişdi. Iran səfəri zamanı isə I.Əliyev bu dəfə Tehranın problemə yanaşmasını təqdir etdiyini və bu siyasətin Azərbaycanın baxış bucağı ilə üst-üstə düşdüyünü vurğulamışdı. Eyni zamanda Iran səfərindən sonra Rusiya prezidenti ilə intensiv danışıqlar və aparılan fikir mübadiləsi zaman I.Əliyevin yanaşması da unudulmamalıdır. Belə olan halda Ərdoğanla görüş zamanı verilən vədlər tutulacaqmı?
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, Azərbaycanın xarici siyasətində Türkiyənin mövqenin dəstəklənməsinin, Türkiyə ilə eyni siyasi platformada fəaliyyət göstərilməsinin tərəfdarıdır. N.Məmmədlinin fikrincə, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyəti asılı bütün dövlətlərin təzyiqindən özünü qorumaq üçün bir qayda olaraq ziddiyyətli bəyanatlar verir: “Azərbaycan hakimiyyəti əməkdaşlıq etdiyi hər bir ölkənin mövqeyini dəstəklədiyini ifadə edir. Neft pulları gələn zaman xarici ölkələr Azərbaycanın bu davranışlarına çox loyal yanaşırdı. Böyük neft pulları hesabına asılı olduqları bütün ölkələrin iqtisadi cəhətdən maraqlarını təmin edirdilər. Eyni zamanda sonuncu dəfə Suriya məsələsində Azərbaycan hakimiyyəti balanslaşdırılmış xarici siyasət adı altında çox qısa müddətdə həm Iranın, həm Rusiyanın, həm Avropa ölkələrinin, həm Iranın mövqeyindən çıxış etdiyini bəyan etdi”.
Amma son zamanlar bütün bu ölkələrdən hər birinin Azərbaycandan konkret yanaşma tələb etdiyini deyən N.Məmmədli vurğuladı ki, bunu hiss etməmək mümkün deyil. N.Məmmədlinin sözlərinə görə, xüsusilə Iran və Rusiya Azərbaycanın bu cür çoxşaxəli siyasətinə qarşı açıq-aşkar demarşlar nümayiş etdirirlər: “Avropa, Amerika və Türkiyə də bu davranışlardan razı deyil. Fikrimcə, hazırkı məqamda Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərini müəyyən etməyə ehtiyac var. Azərbaycan hakimiyyəti konkret olaraq hansısa ölkənin mövqeyini dəstəkləməlidir. Əgər belə olarsa, Azərbaycan hakimiyyəti bir tərəfdən o təzyiqlərdən xilas olacaq. Digər tərəfdən həm də özünün xarici təhlükəsizliyini təmin etmək baxımından əlverişli mövqedə dayana bilər. Ona görə Türkiyənin maraqlarının təmin olunması, xarici siyasətinin dəstəklənməsi əsas prioritet elan olunmalıdır. Türkiyənin dəstəklənməsi Avropa və ABŞ-ın rəğbətini qazanmaq imkanları açır. Azərbaycanın hazırkı çoxqütblü siyasəti davam edərsə, bu, ölkəyə çox ciddi problemlər yaradacaq”.
Xəyal