Türkiyənin mərkəzində son 5 ayda 3-cü terror aktı
Son 2 terror niyə Ərdoğanın Azərbaycan səfəri ərəfəsində baş verdi?
Dünən Türkiyənin paytaxtı Ankarada son bir ayda ikinci dəfə dəhşətli terror aktı törədilib. Ankaranın mərkəzində – «Qızılay» meydanı yaxınlığındakı «Güvənpark» avtobus dayanacağında törədilən terror nəticəsində onlarla adam həlak olub.
«Сanlı bomba» vəhşəti…
Türkiyə vaxtı ilə saat 18.45-də baş verən partlayış «canlı bomba»nın idarə etdiyi avtomobillə törədilib. Avtomobil bələdiyyə avtobusuna çırpılaraq partlayıb. Partlayışın gücündən ərazidəki bir neçə sərnişin avtobusu, onlarla minik avtomobili darmadağın olub. Partlayışın səsi və qatı duman 2 kilometr uzaqlıqda da duyulub.
Hadisə yerinin yaxınlığında ticarət mərkəzi və insanların sıx olduğu dayanacaqlar yerləşdiyindən tələfat da çox olub. Partlayışdan dərhal sonra əraziyə çoxlu sayda polis, təcili yardım briqadaları və yanğınsöndürənlər gəlib.
Ötən ayın 17-də Ankarada Türkiyə Silahlı Qüvvələrinin əsas qurumlarının yerləşdiyi ərazidə baş verən terror aktında hədəf hərbiçilər, bu dəfə isə mülki vətəndaşlar olub. Hər iki terror aktı bir-birinə yaxın iki ərazidə baş verib.
ABŞ xəbərdarlıq etmişdi
Bir neçə gün əvvəl – mart ayının 11-də ABŞ hökuməti Türkiyədə yaşayan vətəndaşlarına müraciət edərək onları Ankaranın Bahçelievlər ərazisindən uzaq olmağa çağırmışdı.
Türkiyə hüquq-mühafizə orqanları da Ankara ilə bağlı növbəti hədəfin Bahçelievlər ola biləcəyi barədə məlumat almışdı. Lakin hadisə bu ərazidə yox, «Kızılay»da baş verdi.
Terrorla bağlı ilk rəsmi açıqlama Ankara valiliyindən gəldi. Valiliyin açıqlamasında 27 nəfərin öldüyü, 75 nəfərin isə yaralandığı deyilirdi.
Lakin sonradan səhiyyə naziri Müəzzinoğlu açıqlama verdi ki, terror nəticəsində 34 nəfər ölüb. Onlardan 30 hadisə yerində, 4-ü xəstəxanalarda həyatını itirib. 125 nəfər isə yaralanıb. Onlardan 19-un vəziyyəti ağırdır, 7-i əməliyyat olunub. Yaralılar paytaxtın «Nümunə», «Hacıtəpə» və «İbn Sina» xəstəxanasına yerləşdirilib.
Məlumata görə, hadisə yerində ölənlərdən 2-si hücumu təşkil edənlərdir.
Ərdoğandan açıqlama
Prezident Rəcəb Tayyib Ərdoğan terror aktı ilə bağlı məlumat alan kimi ölkənin daxili işlər naziri Əfqan Ala ilə telefon əlaqəsi yaradıb və ilkin bilgiləri alıb.
Ərdoğan baş verənlərlə bağlı xüsusi açıqlama ilə də çıxış edib.
“Ankaranın Qızılay səmtində martın 13-də törədilən terroru şiddətlə lənətləyir, bu mənfur hücumda həyatlarını itirən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm.
Türkiyə bölgədə yaşananlar nəticəsində son illər terror hücumlarının hədəfi olmaqdadır. Terror təşkilatları və onları maşa kimi istifadə edənlər təhlükəsizlik qüvvələri ilə apardıqları mübarizəni uduzduqca ən əxlaqsız və vicdansız yollara baş vuraraq məsum vətəndaşlarımızı hədəf almaqdadır.
Ölkəmizin bütünlüyünə, xalqımızın birliyinə qəsd olan bu hücumlar terrorla mücadilə əzmimizi əsla zəiflətməyəcək, əksinə qətiyyətimizi artıracaq.
Türkiyə millət olaraq bir-birinə bağlanan kimliyi ilə bu çətin günləri əlbəttə, geridə buraxacaq. Dövlətimiz hər cür terror təhdidi qarşısında qanuni müdafiə haqqından əsla imtina etməyəcək.
Əsgərlərimiz, polisimiz, bütün güvənlik güclərimiz həyatları bahasına terror təşkilatlarına qarşı qətiyyətlə mübarizə aparırlar. Vətəndaşlarımız əndişə etməsin, dövlət qurumlarının xalqımızla işbirliyi içində yürütdüyü terrorla mübarizə mütləq uğurla bitəcək, terror diz çökdürüləcək”, – deyə açıqlamada bildirilir.
Yeri gəlmişkən, Ankarada baş verən son iki terror olayı Ərdoğanın Bakı səfəri ərəfəsi baş verib. 17 fevral terrorundan əvvəl də Türkiyə prezidenti Azərbaycana gəlməyə hazırlaşırdı. O vaxt baş verən faciəyə görə səfər təxirə salındı. İndi də səfərə iki gün qalmış Ankarada terror təşkil olundu. Lakin Ərdoğanın buna görə Bakı səfərini təxirə salıb-salmadığı haqda hələlik hansısa məlumat yoxdur.
Son 3 terrorun statistikası
Onu da qeyd edək ki, Ankarada son 5 ayda 3 terror aktına şahid olub. Birinci terror aktı ötən il oktyabrın 10-da Ankara vağzalında baş vermiş və 109 nəfər həyatını itirmişdi. İkinci terror aktı bu il fevralın 17-də Mərasim küçəsində baş vermiş və 29 nəfər həyatını itirmişdi.
Türkiyə Radioteleviziya Şurası Ankaradakı terrorla bağlı hadisə yerindən terrorun ümumi görüntülərinə, cəsədlərə və digər sarsıntı yaradan məqamlara dair materialların efirə verilməsini müvəqqəti qadağan edən qərar qəbul edib. Buna baxmayaraq, yerli televiziyalar hadisə yerindən birbaşa reportaclar yayıblar.
Ankaradakı partlayış nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə heç bir məlumat qeydə alınmayıb. Bu barədə Azərbaycanın Ankaradakı səfir Faiq Bağırov açıqlama verib. Hadisə ilə bağlı səfirlikdə «Qaynar xətt» də yaradılıb.
Hadisədən az sonra baş nazir Əhməd Davudoğlunun rəhbərliyi, hökumət üzvlərinin iştirakı ilə təhlükəsizlik iclası keçirilib.
Yenə PKK…
«Reuters» agentliyinin yaydığı məlumata görə, terrorun arxasında ya PKK, ya da bu təşkilata yaxın qruplar dayanır. Agentlik bu iddianı Türkiyə təhlükəsizlik qüvvələrinə istinadən yayıb. Mənbə agentliyə bunları deyib: «Görünən odur ki, hücumu ya PKK, ya da onun qollarından biri təşkil edib. Lakin dəqiq bilgi vermək üçün araşdırmalar davam edir».
Hadisə ilə bağlı keçirilən hökumət iclasından sonra açıqlama verən daxili işlər naziri Əflan Ala da təxminən buna bənzər məlumat verib. Nazir deyib ki, hadisə ilə bağlı ciddi sübutlar əldə ediblər, lakin araşdırmalar bitmədiyi üçün bunlar açıqlanmayacaq. Nazir araşdırmaların bu gün-sabah başa çatacağına inamını ifadə edib. Bildirib ki, araşdırma tam başa çatandan sonra əlvə məlumat veriləcək.
Nazir həmçinin terroru lənətlədiklərini deyib və terrorçuların öz məqsədlərinə çatmayacağını bildirib. O, hökumətin terrorla mübarizəni bütün gücü ilə davam etdirəcəyini deyərək, Türkiyənin bu problemin də öhdəsindən gələcəyini vurğulayıb.
MHP-dən açıqlama
MHP sədri Dövlət Baxçalı Ankara terroru ilə bağlı yazılı açıqlama yayıb. Baxçalı Türkiyənin təhlükəsizliyinin həyəcan təbili çaldığını bildirib: «Türk milləti yeni bir fəlakət və vəhşətlə qarşı-qarşıyadır. Bombaları alçaqcasına partladaraq onlarla məsum insanın canına qıydılar. Xeyli sayda vətəndaşımız yaralandı. Kədərimiz və qəzəbimiz çox böyükdür. Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Bunu birdəfəlik başa düşsünlər ki, heç bir terror hücumu Türkiyəni diz çökdürə bizməz. Qorxu və qayğımız ölən və yaralananların sayının arta biləcəyi ilə bağlıdır. Təbii ki, bu qanlı olayın da sifariş və icraçıları tapılacaq və cəzalandırılacaq. Diləyimiz bunun tez bir zamanda baş verməsidir. 17 fevraldakı qanlı terrordan üç həftə sonra yeni bir hücumun baş verməsi yaxşı təhlil edilməli və hədəflər müəyyənləşməlidir.
Türk milləti zalımların planlarına qarşı tək vücuddur. Acımız nə qədər böyük olsa da, bu qaranlıq günləri milli birliklə aşa bilməliyik. Heç bir təxribata uymamalıyıq.
Ankarada baş verən qanlı terroru lənətləyir, Türkiyə Jümhuriyyətinin cinayət şəbəkələri, terror və silah baronları, qlobal layihələrlə yıxılmayacağını gur və güclü iradə ilə təkrar etmək istəyirəm».
Aydın Taş, Ankara