Ilham Əliyev çıxışında tez-tez “Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşıdır” deməyi çox sevir. Açığı, hələ biz əks tərəfdən bu fikrin əksini eşitməmişik. Görünür, deyilən qədər də var, qibleyi-aləm avropalıların könlünə azca narahatlıq verməklə, Azərbaycanın enerji resurslarını ölkəmizin sərhədlərindən kənara daşıyır. Elə isə, məni sual bürüyür: əcnəbiləri bunca işığa, istiyə qərq edən rəhbər nə üçün öz təbəələrini soyuğa, qaranlığa qərq etməkdə həvəskardır? Niyə o, öz vətəndaşları üçün etirablı enerji partnyoru ola bilmir?
Dünən məhbus Nemət Pənahlının həyat yoldaşının açıqlamasını oxudum. Deyir ki, 10 gündür işıqlarını kəsiblər, özü də qondarma borca görə. Böyük bir külfət qışda işığa və soyuğa məhkum edilib…
Bakıda dindarlar “Qüds günü” ilə bağlı toplaşdılar, işıqları söndürüldü…
“Azadlıq”ın ad günündə də işıq gəlməz oldu…
Ziyalılar Forumunun yığıncağı işıq söndürülməsinə görə təxirə salındı…
Nəriman Nərimanov yada düşür: “Azərbaycan nefti həmişə özgələrin çırağına işıq, özününkülərə isə zülmət verib”.
Azərbaycanın başdan-başa zülmətə qərb edildiyi bir mühitdə Nərimanovun çiyindaşı V.I.Lenin də aktuallaşır. Onun əsas planlarından biri SSRI-nin elektrikləşdirilməsi idi. Indi Azərbaycanın sözün hər iki mənasında elektriklənməsinə, işıqlandırılmasına ehtiyac var. Leninin adını nə vaxt Azərbaycandakı rejimə protest kimi yazdığım mətnə salıramsa, bir xeyli oxucunun cin təpəsinə vurur. Onların sualı çox səthi olsa da, xeyli populyardır: “Bəyəm, Ilham Əliyev və komandası kommunist, bolşevik deyil?”
Əlbəttə deyil, dostlar. Insafınız olsun, Əliyev, Mehdiyev bolşevikdirsə, çarizmlə mübarizədə çürüyən Dzerjinski kimdir, N.Ostrovski kimdir?
Ilham Əliyev və komandasının nəinki bolşevizmə, çağdaş dünyada kitaba düşən hər hansı ideologiyaya xidmət etdiyini düşünmək qədər mənasız bir iş yoxdur. Bu baxımdan əliyevçi hakimiyyətlə mübarizəyə ideoloji rəng qatmağı da dərk etməkdə çətinlik çəkirəm.
“Sol” deyib üstünə yürüyəcəksən, YAP-ın nizamnaməsini qabağına atacaqlar; orada partiyanın sosialyönlü olması aşkar göstərilib.
“Sağ” deyib ayağa qalxacaqsan, Ilham Əliyevin din-mentalitet dolu çıxışları içində səni boğacaqlar.
Bir dəfə “Azərbaycan hakimiyyətində Qərbmeyllilər çoxdur, yoxsa, Rusiyameyllilər?” sualına cavabında Zərdüşt Əlizadə yuxarıdakı məsələni dəqiq həll etmişdi: “Hakimiyyətdəkilər nə Qərbmeyllidir, nə də, Rusiyameylli. Onlar pula meyllidirlər”.
Ilin-günün bu vaxtında bilirəm ki, çoxlarınıza yersiz görünəcək, amma yazmaya bilmirəm. Bu gün Azərbaycanda köklərini bərkidən monarxiyaya, mütləqiyyət rejiminə qarşı mübarizədə bolşevik təcrübəsi mütləq öyrənilməlidir. Mənə çox gülməli gəlir bəzən, Leninin 54 cildlik əsərindən 54 cümlə oxumayan biri onu yerdən-yerə vurur. Belə olmaz, əfəndilər. Lenin və yoldaşlarının qurduğu sistemi bəyənməyə bilərsiniz, mən də heç ölmürəm o keçmiş üçün. Ancaq adamlar bizə gizli polis xəfiyyələrilə, agent-provokatorlarla davranmağın yollarını, minimal şərtlər altında mübarizə taktikası qurmağın, fəhlə-kəndlilərlə işləməyin örnəyini yaradıb gediblər. Bolşevizm sizi ideoloji olaraq cəlb etməyə bilər, amma onun monarxiyaya qarşı iş metodu mütləq və mütləq gözdən keçirilməlidir.
Yapdı
Bir dəstə müğənninin YAP-a qəbul olunduğu xəbər dünən saytları bürüdü.ÿ”Onlar YAP-ı niyə seçir?” sualı ətrafında çox baş sındırmağa gərək qalmadı. Müğənni Samirə Allahverdiyeva dedi ki, YAP-a üzv olmaq haqda ona bir ay əvvəl partiyadan təklif gəlib. O, da təklifi məmnuniyyətlə qəbul edib.
Açıqlamadan çox ləzzət aldım. Samirə xanım lap ilk gündən “ulu öndər”in stilini mənimsəyib. Axı rəhmətlik də bizim boynumuza minnət qoymağı sevərdi. Guya ki, onun heç hakimiyyətə gəlmək-filan məqsədi yox imiş, xalqın minnət dolu təkliflərindən sonra birinciliyi ələ keçirib.
Xalqa minnət qoyan partiyanı, cavan bir müğənni minnətli elədi. Bravo!!!