Iran çaşqın durumdadır. Mollakratiya – ayətullah rejimi Liviya lideri Qəzzafi kimi blokada içində dünyaya meydan oxuyur. Iran bilər, dünya bilər: bizim üçün ilginc olanı bu deyil; Iranın hamıdan artıq bizə diş qıcıtması, bizdən öc almağa çalışmasıdır. Düzdür, mollakratiya qabaqkı illərdə də Azərbaycanla bağlı bir sıra saldırğan girişimlərdə, saldırqanlıq praktikalarında bulunub. Indi baş verənlər: ayətullahların Azərbaycanı bağımsız ölkə, suveren dövlət olaraq yoxa sayan sistematik, intensiv çıxışları bütün sınırları aşmaqdadır. Islamın başlıca kitabında deyilir: “Dininizdə həddinizi aşmayın”. Bunlar, mollakratiya, həddini aşır, özü də yersiz olaraq. Görünür, bizim susqunluğumuz, ortaya yetərli təpki faktlarının çıxarılmaması onları getdikcə daha çox ayaqlandırır.
Iran Islam Respublikası 13 dövlətlə qonşudur. Bunlardan 12-si ISLAM, vur-tut biri, Azərbaycan torpaqlarında qanlı qırğın, terror yolu ilə yaradılmış qondarma erməni dövləti – “Ermənistan” xristiandır. Olduqca ilginc, danılmaz bir görsənişdir: Iran Islam Respublikası adlanan dövlət, demək olar, özünün bütün müsəlman qonşuları ilə konfliktdə, bircə “Ermənistan”la geniş, çoxyönlü, sarsılmaz dostluq, qardaşlıq ilişkilərində bulunmaqda, “Ermənistan”dan Qarabağadək 3 milyona yaxın (üç milyona yaxın!) müsəlmanın qanını tökən, namusunu tapdayan, yüzlərlə məscidi yıxan ERMƏNILIYƏ ardıcıl olaraq yardımlar etməkdə, ona arxa durmaqdadır. Faktlardan göründüyü kimi, mollakratiyanın, IIR prezidenti Əhmədinejatın Yer üzündə ən çox sevdiyi, tez-tez görüşünə getməyi özü üçün başucalığı bildiyi bir kimsə varsa, o da Xocalı soyqırımını törədənlərdən biri – terrorbaşı Sərkisyandır! Suveren bir dövlət olaraq “Ermənistan”a mollakratiyanın, ayətullah rejiminin sayğıları sonsuzdur. Olsun, ancaq bizdən nə istəyirlər?
Bizdən, bəlli olduğu kimi, Türkmənçay bağlaşmasının aradan qaldırılmağını, Azərbaycanın yüyürüb mollakratiya – ayətullah rejimi altına girməyini istəyirlər. Tutarqa: Türkmənçay bağlaşmasınadək Azərbaycan Iranın bir parçası olub. Elə buradaca demək gərəkir: Türkmənçay bağlaşması bağlanan dönəmdə də, ondan xeyli sonralar da (1935-ci ilədək) ortada Iran yox, türksoylu Qacarlar dövləti olub! Qacarlar dövlətinin sınırları içində yalnız Azərbaycan deyil, Rusiya başda olmaqla bir sıra böyük dövlətlərin əl-ələ verib yaratdığı indiki “Ermənistan” torpaqları da olub. Lap elə deyək o çağlar – Türkmənçay dönəmində – Qacarlar dövləti yox, Iran dövləti olub. Ad dəyişdi-dəyişmədi, coğrafiya dəyişməz qalır. O dəyişməz coğrafiyada indiki, qondarma “Ermənistan” da varsa, mollakratiya – ayətullah rejimi niyə görə yalnız Azərbaycanı “Iranın legitim parçası olaraq” ələ keçirməyə çalışır? Bu nə sirri-xudadır belə? Hələ mən burasını demirəm: niyə görə mollakratiya – ayətullah rejimi Irandakı 300 minlik erməniyə hər cür hüquqlar verirkən, sayca farslardan çox olan türklərin ana dilində – Tanrının ona verdiyi dildə yazıb-oxumaq hüququnu əlindən alır?!
Yox, belə olmayacaq. Problemə alayarımçıq yanaşmaya görə mollakratiya – ayətullah rejimi bizdən inciyə bilər. Yaxşı olar başdan, Türkmənçay bağlaşmasının başlandığı yerdən başlayaq. Türkmənçay bağlaşmasına gətirib çıxaran nədənləri ortaya qoymadan bu gün Iranda baş verənləri gərəyincə dəyərləndirmək olmaz. Indi biz Iranın Azərbaycanla bağlı yersiz-gərəksiz saldırqanlığına, açıq aqressor istəklərinə çeşidli reaksiyalarda bulunar, ardıcıl-uyğun təpkilər göstərə bilərik – gərəkən effekt alınmayacaq. Gərəkən effektin alınması üçün Türkmənçay bağlaşmasını doğuran, bu bağlaşmanı kəsinliklə qaçılmazlığa çevirən nədənləri ortaya qoymaq gərəkdir. Eləcə tarix faktlarını işıqlandırmaq üçün yox, o çağlar baş verənlərin Irandakı indiki rejimlə hansı ilişkilərinin olduğunu ortaya qoymaq üçün.