“Yalan ayaq tutar, yeriməz” deyirlər. Amma bəziləri yalanın əlindən tutub yeritmək istəyir və ona qazanclı bir iş kimi baxır. Bizim ölkədə yalan-dolanla böyük yerlərə gəlmiş nə qədər adam var. Bu yola düşənlər də onlardan nümunə götürür hər halda. Yaxşı nümunə deyil, adamı pisliyə aparar. Elə pisliyə ki, bir daha içindən çıxıb özünü təmizləyə bilməzsən. Silkələndikcə də, üst-başını daha artıq çirkaba bulaşdırarsan. İndi bəzilərinin içi belə çalxanıb durur. Girdiyi bataqlığın, batdığı palçığın belə fərqində deyil. Görünür, yalan qazanc gətirəndə, ona uymuş adamın ağlını da çaşdırır, əl-ayağını da. Təki uydurmadan bir şey çıxsın. Necə olsa da, bu adamların həyat fəlsəfəsi budur…
Yalanın rəngi olmaz, amma xalq nədənsə ona rəng də verib. Yəni hələ onun ağı, qırmızısı da var. Bu hekayədəki kimi… Bir məmləkətdə yalan yarışması keçirilir. Bütün yarışmaçılar yığılır. Padşah şərt qoyur ki, kimin yalanına qarşı çıxa bilməsə, onu mükafatlandıracaq. Bir yalançı göyün üzünə nərdivan qurduğunu, o biri okeanı keçə biləcək körpü tikdiyini, bir başqası quş südündən göl yaratdığını deyir. Padşah da hər dəfə azacıq fikirləşib, “ola bilər” deyib keçir. Amma yarışa qatılan bir nəfər anlamışdı bu yarışın yalandan çox hiylə yarışı olduğunu. Sıra ona gələndə elə bir yalan söylədi ki, padşah heç düşünmədən mükafatın ona gətirilməsini əmr etdi. O adam “padşahım, sizin mərhum atanızın mənim atama bir kisə qızıl borcu vardı” demişdi…
Bəzən bax beləcə, üzünə elə yalan söylənər ki, yerində quruyub qalarsan. İttiham qarışıq bu yalan bəzən məsələnin ağını çıxarar lap. Ölkədə on illərdir ədalət və hüquq davası aparan insanlara ikidə bir dil uzadan, sataşan və şər atanların yalan ittihamları kimi. Bu qədər haqsızlıq, görməzlik, nankorluq artıq olmadımı daha? Böyük qurbanlar, itkilər, məhrumiyyətlər bahasına uzun illərdir sərt bir rejimə qarşı əyilmədən dayanan insanlara qara yaxmaq, onları gözdən salmaq, şərləmək cəhdi hansı mənəviyyata sığır? O insanların bu ağır zaman boyunca yaşadıqlarını görməyəcək qədər kormusunuz? Onların bu qədər yükü çiyinlərinə götürməsi, olmazın əzab-əziyyətə qatlanması, təqiblərə, sıxıntılara, həbslərə rəğmən, yola davam etməsi kimsənin atasına olan borcuna görə deyil, biləsiniz. Bu, bir insanlıq, vətəndaşlıq borcu, bir vətənsevərlikdir, sadəcə. Heç düşündünüzmü, o fədakar insanlar olmasaydı, bu boz-bulanıqlığın içində hər şey necə əriyib getmişdi çoxdan. Müxalif fikrin, fərqli sözün cəzası nə idi indi, heç ağlınızdan keçirdinizmi?
Görəsən çörəyi yalandan çıxan və bu naqisliyi sayəsində bəlli mövqelərə gəlmiş adamlar hansı ağılla bu günün sabahı olduğunu da unudurlar. O kürsülər, o mövqelər, o vəzifələr dəyişəcək bir gün. Hər şey adıyla çağrılacaq və bütün yalanların kitabı əyər-əskiksiz ortaya qoyulacaq. Söhbət kiminsə xüsusi cəza maşınında çarmıxa çəkilməsindən filandan getmir. Sadəcə, danışdığınız yalanlara, etdiyiniz pisliklərə, şər maşınına dəstək olduğunuza görə necə hesab verəcəyinizi, insanların üzünə necə baxacağınızı düşündünüzmü? Tarix heç nəyi ört-basdır edə bilmir axı. Görmürsünüz məgər, insanlar ölüb gedəndən 100 il sonra belə arxivlər açılıb, sirlər ortaya tökülür. Heç şübhəsiz ki, o gün hər kəs üçün var. O günün övladlarınıza gətirəcək utancı gözə alın, heç olmasa. Bu gün, onsuz da, sizdən keçib…