Konqresmen konqresmen Kristofer Smitin hazırladığı “Azərbaycan Demokratiya Aktı” layihəsinə “Qlobal Maqnitski” adlı məlum qanunun müəllifi amerikalı konqresmen Cim Makqovern də qoşulub.
Xatırladaq ki, “Azərbaycan Demokratiya Aktı” insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan azərbaycanlı dövlət məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.
“Qlobal Maqnitski” qanunu isə bütün dünyada korrupsionerlərə və insan hüquqlarına pozanlara qarşı sanksiyaları, onların ABŞ-dakı mülkiyyətlərinin həbsini nəzərdə tutur.
Bundan öncə “Azərbaycan Demokratiya Aktı”na iki konqresmen – Luiza Loter və Co Xek qoşulub.
Qanun layihəsinin müəllifi Kristofer Smit Turan-a müsahibəsində deyib ki, o və həmkarları “çox ciddi əhval-ruhiyyədədir”.
“Biz prezident İlham Əliyevi inandırmaq istəyirik ki, ayrı-ayrı şəxslərin, jurnalistlərin və müxalifətçilərin sıxışdırılmasına yönələn siyasətin sonu pis olacaq”, – o vurğulayıb.
Konqresmen qeyd edib ki, ABŞ administrasiyası siyasi məhbuslar və mətbuatın sıxışdırılması məsələsini Əliyevin qarşısında aydın və birmənalı şəkildə qaldırmalıdır.
“Azərbaycan Demokratiya Aktı” bu il ərzində Konqresdə bütün mərhələlərdə müzakirədən keçdikdən sonra qəbulu mümkündür.
Qeyd edək ki, martın sonu İ.Əliyevin nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a səfəri gözlənilir. Səfər çərçivəsində Vaşinqton nümayəndələri ilə Azərbaycan rəhbəri arasında mühüm və prinsipial danışıqların olacağı gözlənilir. Yaxın perspektivdə Azərbaycan-Amerika münasibətlərinə dair bir çox məsələ həmin görüşlərin nəticələrindən asılı olacaq.