Emin Millinin qayınının məhkəməsində xeyli maraqlı faktlar üzə çıxdı
“Meydan TV”nin direktoru Emin Millinin həbsdə olan qayını, IT mütəxəssisi Nazim Ağabəyovun işi üzrə məhkəmə prosesi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən bu prosesdə sənədlərin tədqiqi mərhələsidir.
Dünənki məhkəmə iclasında cinayət işinin materiallarındakı sənədlər elan olunub. Sənədlərin tədqiqi zamanı bir sıra ziddiyyətlər, qanun pozuntuları aşkarlanıb. Məmələn, Nazim Ağabəyov barədə materiallar Bakı şəhər Baş Polis Idarəsinin Istintaq və Təhqiqat Şöbəsinə iyulun 24-də daxil olub və həmin gün də müstəntiq Əflatun Səlimova müvafiq araşdırma aparılması tapşırılıb. Amma cinayət işinin başlanması barədə qərar isə 23 iyul tarixlidir.
Cinayət işinin materialları arasında Nazim Ağabəyovun maddi vəziyyətilə əlaqədar dövlət hesabına vəkillə təmin olunması üçün ərizəsi var. Lakin məhkəmədə Nazim Ağabəyovun vəkili Adil Ismayılov bildirib ki, həmin ərizə müvəkkilinin iradəsini əks etdirmir: “Mən məhkəməyə də Nazim Ağabəyovun aylıq qazancı barədə rəsmi sənəd təqdim etmişəm. Aylıq 5000-6000 gəliri olan adamın dövlət hesabına vəkil istəməsi absurddur”.
Nazim Ağabəyov saxlanılarkən ona təqdim olunmuş dövlət hesabına vəkillərin siyahısı da iş materialları arasındadır. Qeyd olunub ki, o siyahıdakı vəkillər ayrı-ayrı hüquq məsləhətxanalarında çalışırlar. Üstəlik, vəkillərdən biri həmin vaxt 6 ay idi ki, dünyasını dəyişmişdi. Söhbət Tofiq Qasımovdan gedir ki, o, 2015-ci ilin yanvarında vəfat edib. Nazim Ağabəyova isə 2015-ci il iyulun 23-də təqdim olunub.
Sənədlərin tədqiqi zamanı o da aydın olub ki, Nazim Ağabəyov cinayət işi başlamamış şübhəli şəxs qismində dindirilib.
“O vəkil məni yox, polisləri müdafiə edirdi…”
Daha sonra Nazim Ağabəyov həbs olunarkən ona dövlət hesabına təyin olunmuş vəkil Bilal Bağırovun məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb: “Mən əvvəldən vəkil görməmişəm. O adam xeyli sonra gəlib, qol çəkib gedib. O, mənim hüquqlarımı yox, əslində, polislərin hüquqlarını müdafiə edirdi”.
Vəkil Adil Ismayılov isə sənədlərdəki ziddiyyətləri, yol verilmiş qanun pozuntularını əsas gətirib, Nazim Ağabəyovun işi üzrə təhqiqat və istintaq prosesində iştirak etmiş şəxslərin – Bakı şəhər Baş Polis Idarəsinin təhqiqatçısı Şövqi Əhmədov və müstəntiq Əflatun Səlimovun məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.
Vəkilin daha bir vəsatəti isə Bakı şəhər Baş Polis Idarəsinin qeydiyyat jurnalına baxış keçirilməsi və bu məqsədlə idarəyə sorğu göndərilməsi haqda olub: “Sanki istintaq orqanlarında xəstəlikdir, cinayət işlərilə bağlı qərarların və protokolların qeydiyyatını bir curnalda aparırlar. Əslində isə bunlar ayrı-ayrı şeylərdir və ayrıca nömrələnməlidir”.
Istintaq zamanı Nazim Ağabəyovun işindən başqa bir cinayət işi ayrılıb – narkotikin hardan alındığını müəyyən etmək məqsədilə. Vəkil ayrılmış cinayət işilə bağlı da sorğu verilməsini istəyib.
Məhkəmə sorğularla bağlı vəsatəti təmin edib. Amma vəkilin çağırılıb dindirilməsilə bağlı vəsatət rədd olunub. Hakim bildirib ki, işdə müdafiəçi qismində iştirak etmiş vəkilin sonradan şahid kimi dindirilməsinə imkan vermir. Adil Ismayılovun müstəntiq və təhqiqatçının dindirilməsi barədə vəsatəti də təmin olunmayıb.
Məhkəmə prosesi martın 10-da davam edəcək.
Nazim Ağabəyov Emin Millinin qaynı olmaqla yanaşı, həm də Xalq rəssamı Mais Ağabəyovun oğludur. O, keçən il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsilə ittiham irəli sürülüb. Lakin Nazim Ağabəyov ittihamı rədd edir, narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirir.
Aytən