Növbəti seçkilərdə Avropa Məhkəməsinin qərarları mühüm rol oynayacaq
Anar Məmmədli: «İndi heç kim iddia edə bilməz ki, Azərbaycandakı seçkilər mükəmməldir»
“Avropa Məhkəməsinin Azərbaycandakı seçkilərlə bağlı, hətta bir qərarı belə, Azərbaycanın seçki sistemində qüsurların olduğunu ortaya qoyur”. Bu sözləri “Azadlıq”a açıqlamasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli Avropa Məhkəməsinin seçkilərlə bağlı qərarlarını şərh edərkən bildirib.
Oxucuların diqqətinə çatdıraq ki, artıq bu qərarların sayı 11-ə çatıb. AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu, Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəliloğlu, AXCP yetkilisi Nemət Əliyev, Azərbaycan Naminə Ictimai Forumun prezidenti Eldar Namazov, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, sabiq spiker Yaqub Məmmədov, Ilham Hüseynov və sənətçi Flora Kərimovanın seçki hüququnun pozulması Avropa Məhkəməsi səviyyəsində təsdiqlənib. Bu şəxslərin hər biri 2005-ci il parlament seçkilərində hüquqlarının pozulmasından şikayətçi olub. Bu qərarların sayının artacağı gözlənilir. Çünki 2005-ci il seçkilərilə bağlı Avropa Məhkəməsinə xeyli sayda şikayət göndərilib.
Yeri gəlmişkən, hökumət bu şəxslərdən bəziləri ilə bağlı qərar çıxarılanda seçkilərin saxtalaşdırılmayacağı barədə öhdəlik götürmüşdü. Lakin 2010-cu il parlament seçkilərində yenidən saxtakarlığa əl atıldı.
Anar Məmmədli isə bildirir ki, əslində bu qərarlardan sonra dərhal seçki sistemində ciddi islahatlara gedilməliydi. Çünki Avropa Məhkəməsinin qərarları hökumətin üzərinə hüquqi məsuliyyət qoyub: “Indi heç kim iddia edə bilməz ki, Azərbaycandakı seçkilər mükəmməldir. Onsuz da yerli və beynəlxalq təşkilatlar dəfələrlə bildirib ki, seçki sistemində islahatlar aparılmalıdır. Avropa Məhkəməsinin bu qərarları isə deyilənlərin fundamental əsaslara söykəndiyini təsdiq edir. Fikrimcə, islahatlar iki istiqamətdə aparılmalıdır: Seçki qanunvericiliyinin təkmilləşdirilməsi və seçki hüququnun reallaşdırılmasına mane olan amillərin aradan qaldırılması”.
SMDTM rəhbərinin fikrincə, hakimiyyətin seçkiləri saxtalaşdırmaq təcrübəsinin zəngin olduğu və islahatlar məsələsində dirəniş göstərdiyini nəzərə alaraq Azərbaycanda ədalətli seçkilərin keçirilməsinə çalışan bütün qüvvələr bu qərarlardan istifadə edərək ciddi iş aparmalıdırlar: “Bu qərarlardan istifadə edərək AŞ PA və bu qurumun həmməruzəçilərinə, eyni zamanda Venesiya Komissiyasına müraciət etməklə islahatların zəruri olduğunu prinsipial şəkildə ortaya qoymalıyıq”.
Anar Məmmədli hesab edir ki, istənilən halda bu qərarların növbəti seçkilərdə böyük rolu olacaq: “Şübhə etmirəm ki, növbəti seçkilərdə beynəlxalq təşkilatlar bu qərarlara istinad edərək mövqe sərgiləyəcəklər”.
Seyid