Azərbaycan, Rusiya və İran iqtisadi üçlüyü yaranır; Qərbin bununla bağlı mövqeyi olacaq?
Azərbaycan prezidenti Ilham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında fevralın 25-də və 26-da, habelə Iran prezidenti Həsən Ruhani ilə fevralın 27-də aparılmış telefon danışıqlarının hansı mühüm məsələnin müzakirəsinə həsr olunduğuna dair yeni təfərrüatlar məlum olub.
Virtualaz.org xəbər verir ki, Iran prezidentinin administrasiyası Həsən Ruhaninin Azərbaycan prezidenti ilə telefon danışıqlarına dair yaydığı rəsmi məlumatda iki ölkə arasında bütün istiqamətlərdə strateji tərəfdaşlıq münasibətlərinin yaradılmasının qərara alındığını açıqlayıb.
Press TV telekanalının xəbərinə əsasən Ilham Əliyevlə telefon danışıqları zamanı Həsən Ruhani Azərbaycan və Iran “bütün sahələrdə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün” addımlar atdığını qeyd edib. “Islam Respublikası Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsini alqışlayır” – Ruhani deyib.
Iran prezidentinin sözlərinə görə, Azərbaycan dövlət başçısının Tehrana etdiyi son səfər zamanı əldə edilmiş razılaşmaların yerinə yetirilməsi iki ölkə arasında ikitərəfli və regional əməkdaşlığın möhkəmləndirilməsinə təkan verəcək. Ruhani həmçinin ifadə edib ki, bu razılaşmalar Iran, Azərbaycan və Rusiya arasında xüsusən tranzit, energetika və ticarət sahəsində birgə əməkdaşlıq üçün zəmin yaradacaq.
Telefon söhbəti zamanı Azərbaycan prezidenti deyib ki, onun Tehrana səfəri zamanı əldə edilmiş razılaşmalar iki ölkə münasibətlərində yeni səhifə açmağa imkan verir. Ilham Əliyev Azərbaycan, Rusiya və Iranı birləşdirəcək Şimal-Cənub dəmir yolunun tikintisinin sürətləndirilməsinin vacibliyini bildirib.
Bu nəqliyyat dəhlizi ildə 7 milyon ton yük və 1.4 milyon sərnişin daşımağa imkan verəcək. Dəhlizin açılması üçün Iran tərəfi Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisini başa çatdırmalıdır. Şimal-Cənub dəhlizi barədə razılaşma Azərbaycan. Iran və Rusiya arasında hələ 2005-ci ildə əldə edilib. 2009-cu ildə üç ölkə layihəni həyata keçirmək üçün birgə müəssisə yaradıb.
Sayt yazır ki, Azərbaycan prezidenti ilə Iran prezidenti arasında telefon danışıqlarının iki gün dalbadal baş tutmuş Əliyev-Putin telefon danışıqlarının ardınca həyata keçirilməsi təsadüfi deyil: “Indi Iran tərəfinin yaydığı rəsmi məlumatdan çıxış edərək belə qənaətə gəlmək mümkündür ki, Ilham Əliyevin Irana səfəri ilə onun Rusiya prezidenti ilə telefon danışıqları arasında birbaşa əlaqə olub. Başqa sözlə, Azərbaycan prezidenti Iranda əldə edilmiş razılaşmaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisinin sürətləndirilməsinə və çox güman ki, energetika sahəsində birgə əməkdaşlığa dair razılaşmaları Putinlə müzakirə edib. Çünki söhbət üç ölkənin ortaq maraqlarından gedir”.
Bəs Rusiya ilə münasibətlərində gərginlik olan Türkiyə, Iranla əzəli rəqib Israil və həm Azərbaycanın, həm də Rusiyanın demokratikləşməsinə tərəfdar olan Qərbin buna münasibəti necə olacaq? Ekspertlər hesab edir ki, Rusiyanın yaratdığı bu iqtisadi xətt Azərbaycan üçün gözlənilən effekti verməyə bilər. Çünki Rusiya iqtisadi cəhətdən ağır vəziyyətdədir. Iranın isə özünün böyük investisiyaya ehtiyacı var. Azərbaycan iqtisadi cəhtirəliləyiş etmək istəyirsə Qərblə əməkdaşlığı gücləndirməlidir. Bunun üçün isə təbii ki, Qərbi narahat edən problemlər aradan qaldırılmalıdır. Məsələnin siyasi tərəfinə gəlincə, ekspertlər bildirir ki, şübhəsiz Azərbaycanın Rusiya ilə yaxınlaşması Qərbin, həmçinin Moskva ilə münasibətləri gərgin olan Ankaranı narahat etməyə bilməz.