«Amnesty International»ın yeni hesabatında Azərbaycandakı ingəncələr, media və vətəndaş cəmiyyətinə hücumlar yer alıb
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı 2015/2016-cı illər üzrə yeni hesabatını açıqlayıb. Illik hesabatda dünyanın 160 ölkəsində insan haqlarının vəziyyəti araşdırılıb və təhlil edilib.
“Azadlıq” radiosunun məlumatına görə, hesabatın Azərbaycana aid bölümündə deyilir ki, bu ölkədə vətəndaş cəmiyyəti və siyasi baxımdan fərqli düşünənlərə hücumlar davam edib.
Azərbaycan hakimiyyəti müstəqil jurnalistləri və fəalları istər ölkə daxilində, istərsə də xaricdə təqib edib, beynəlxalq insan haqları təşkilatlarının nümayəndələrinin ölkəyə buraxılmaması və ya ölkədən qovulması halları qeydə alınıb.
Hesabatda deyilir ki, neft qiymətlərinin düşdüyü və milli valyutanın dəyərini itirməsi ölkədə əhəmiyyətli bahalaşmaya, həmçinin real gəlirlərin azalmasına səbəb olub.
Bu da qeyd edilir ki, birinci Avropa Oyunlarının keçirilməsi ağır iqtisadi qiymətə başa gəlib, bəzi məlumatlara görə, bu turnirin keçirilməsi üçün biznesmenlərə pul dəstəyi vermələri üçün təzyiqlər göstərilib, dövlət sektorunda işləyənlərin maaşları azaldılıb.
Hesabat müəllifləri Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkilərindən də ətraflı bəhs edib. Bildirilir ki, hakimiyyət tərəfindən təzyiq və təqiblərə məruz qalan müxalifət seçkini boykot edib. ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu bu seçkinin monitorinqini həyata keçirməkdən imtina edib.
Bu müddətdə “Human Rights Watch”, “Amnesty International” kimi təşkilatların nümayəndələrinin ölkəyə girişinə icazə verilməyib.
Ötən ilin sentyabrında Avropa Parlamentinin Azərbaycan hökumətini siyasi məhbusları azadlığa buraxmağa çağıran qətnaməsinin qəbulundan sonra Avropa Komissiyasının rəsmiləri Bakıya səfərini ləğv edib.
Oktyabr ayında Avropa Şurası Azərbaycanda insan haqları məsələləri ilə məşğul olan müştərək qrupu tərk edib.
Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycanda aparıcı QHT-lərin fəaliyyəti qeyri-mümkün olub. Bir neçə QHT-nin rəhbəri həbsxanaya salınıb və ya ölkəni tərk etmək məcburiyyətində qalıb. Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun rəhbəri Emin Hüseynov 10 ay Isveçrə səfirliyində gizləndikdən sonra onun ölkəni tərk etməsinə imkan yaradılıb, lakin o, bunun ardınca vətəndaşlıqdan məhrum edilib. 4 təşkilat rəhbəri – Rəsul Cəfərov, Intiqam Əliyev, Leyla və Arif Yunuslar uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Yunuslar barədə hökmlər dəyişdirildikdən sonra onlar şərti azadlığa buraxılıb. Araşdırmaçı jurnalist Xədicə Ismayılova hələ də həbsdədir.
Hesabat müəllifləri yazır ki, Azərbaycanda bütün əsas media orqanları hökumətin nəzarətindədir, azsaylı müstəqil media qurumları isə hədə, təqib və bağlanma təhlükələri altındadır.
2014-cü ilin dekabrında “Azadlıq” radiosunun Bakı ofisində axtarış aparılıb, ofisin qapısı möhürlənib. Bundan sonra radionun Bakı bürosu fəaliyyətini dayandırıb.
Ötən il avqustun 8-də jurnalist Rasim Əliyev döyülüb və nəticədə vəfat edib.
Sentyabrın 16-da “Meydan TV” internet televiziyasının iki reportyoru polis tərəfindən saxlanıb. Aytac Əhmədova sonradan buraxılsa da, Şirin Abbasov həbs olunub.
Dekabrın 8-də Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı “facebook”da hökuməti tənqid etməsinə görə həbs edilib.
Beynəlxalq miqyasda qisasçılıq
Hesabatda qeyd olunur ki, hökumət xaricdə fəaliyyət göstərən jurnalist və siyasi fəalların qisasını onların qohumlarından almaqda davam edir.
Fevralın 13-də Berlində Ilham Əliyevin əleyhinə piketdə iştirak etmiş blogger Tural Sadıqlının qardaşı Elgiz Sadlıqlı narkotik ittihamı ilə həbs olunub.
“Meydan TV”nin xaricdə yaşayan direktoru Emin Millinin qaynı Nazim Ağabəyov da narkotik ittihamı ilə həbs edilib. Onun başqa bir qohumu Polad Abdullayev də həbs edilib, lakin bir neçə gündən sonra sərbəst buraxılıb. Amma bundan əvvəl Emin Millinin bütün qohumları ondan imtina etdikləri barədə məktub yazıblar.
Mühacirətdə yaşayan jurnalist, “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahidin üç qohumu polisə müqavimət, narkotik maddə ittihamları ilə həbs olunub. Onlardan biri sutkalıq həbs cəzasını çəkdikdən sonra buraxılsa da, digər ikisinə qarşı narkotik ittihamı irəli sürülüb.
Oktyabr ayında “Meydan TV”nin mühacirətdə olan redaktoru Günel Mövludun qardaşları həbs edilib.
Azərbaycanda sərbəst toplaşma azadlığı da kobud şəkildə pozulur. Avqustun 22-də Mingəçevir polisində dünyasını dəyişmiş vətəndaşa görə etiraz edənlərin nümayişi dəyənəklər və gözyaşardıcı qazla dağıdılıb.
Hesabatda vurğulanır ki, Azərbaycanda işgəncə və pis rəftar cəzasızlıq şəraitində davam edir. Vicdan məhbusu Ilqar Məmmədov oktyabrın 16-da həbsxanada iki nəzarətçi tərəfindən döyülüb.