Bu gün Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayıb. İlham Əliyevi Tehranın Mehrabad hava limanında İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb. İlaham Əliyev səfər zamanı İranın dövlət rəsmiləri və prezident Həsən Ruhani ilə görüşüb. Səfərin sonunda təşkil olunan mətbuat konfransında hər iki ölkənin prezidenti maraqlı açıqlamalarla yadda qalıb.
İran prezidenti Həsən Ruhani Suriya məsələsini xüsusi müzakirə etdiklərini bildirib və bu mövzuda İlham Əliyevlə fikirlərinin üst-üstə düşdüyünü bəyan edib. Ruhani, bu münaqişənin hərbi yolla həllinin mümkünsüz olduğunu bildirib:
“Regional problemlər siyasi yolla həll olunmalıdır, bu münaqişələrin hərbi həlli yoxdur. “Suriya və digər regional məsələlər barədə hər iki tərəfin mövqeyi üst-üstə düşür. Biz hesab edrik ki, regional problemlərin hərbi yolla həlli mümkün deyil, münaqişlər yalnız sülh yolu ilə tənzimlənməlidir”,-deyə Ruhani bildirib.
İran Prezidenti Suriya probleminin hərbi yolla həllini yolverilməz saydığını bəyan etsə də, bu ölkədə İran əsgərlərinin döyüşdüyü heç kimə sirr deyil. Təbii ki, bu da anti-Bəşər mövqedə duran Türkiyəni qane edə bilməz. İranın əsgərlərini Suriyanın Türkiyə sərhəddinə yerləşdirməsi və türkmənlərin sıx yaşadığı Bayırbucaq bölgəsini mütamadi atəş altında saxlaması, rəsmi Ankara ilə Tehran arasında münasibətləri daha da gərginləşməsinə səbəb olub. Belə olan halda, İlham Əliyevin hər iki tərəfin mövqeyini dəstəkləməsi anlaşılan deyil.
Xatırladaq ki, İlham Əliyev dəfələrlə Suriya məsələsində Türkiyənin yanında olduğlarını bəyana edib.
Səfər çərçivəsində Azərbaycan və İran arasında 11 saziş və anlaşma memorandumu imzalanıb.
İran prezidentinin saytında verilən məlumata görə, sənədlər İran prezidenti Həsən Ruhani və Tehranda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkənin yüksək vəzifəli rəsmi şəxsləri tərəfindən imzalanıb.
İmzalanan sənədlər arasında Azərbaycan hökuməti və İran hökuməti arasında fövqəladə halların aradan qaldırılması və məhdudlaşdırılması, Azərbaycan və İran arasında gömrük, kənd təsərrüfatı və heyvandarlıq sahəsində əməkdaşlıq haqqında sənədlər, elektrik enerjisinin satışı haqqında çərçivə sazişi, Azərbaycan və İran dəmir yollarının fəaliyyətinin əlaqələndirilməsi haqqında çərçivə sazişi, iki ölkə arasında Astara-Astara dəmir yolu xətti və dəmir yolu körpüsü əlaqəsi haqqinda saziş, ailə, qadın və uşaq məsələlərində əməkdaşlıq, səhiyyə və tibb elmi haqqında əməkdaşlıq haqqında anlaşma Memorandumu, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İranın Əmək və Sosial Rifah Nazirliyi arasında anlaşma Memorandumu, SOCAR və İranın Milli Neft Şirkəti arasında neft və qaz sahəsində əməkdaşlığa dair anlaşma Memorandumu və SOCAR-la QƏDR investisiya şirkəti arasında anlaşma Memorandumu var.