Fevralın 12-də Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində iki dustağın döyülərək öldürüldüyü haqda xəbər ölkə mediasının əsas gündəmidir. Ölən məhbuslardan biri Nurani İbrahimovun ailə üzvləri açıqlama veriblər ki, onun meyiti üzərində zorakılıq izləri var. Mətbuata təqdim olunan fotolarda da mərhumun meyitinin üzərində zorakılıq izləri görünür. Ailə üzvləri N.İbrahimovun və digər dustağın işgəncə nəticəsində öldüyünü deyiblər.
Hadisə ilə bağlı yeni məlumatlar daxil olub. Məlumatlarda deyilir ki, N.İbrahimov və digər dustaqlar 6-cı kalona 2-ci kalondan köçürülüblər və əslində işgəncəni də 2-ci kalonda alıblar.
“Azadlıq”a daxil olan məlumata görə, 2 saylı kalonun rəisi nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı olub. O, 10 saylı kalona rəis təyin edildikdən sonra yerinə gələn Elçin Əlicanov dustaqlara qarşı aqressiya nümayiş etdirib. Məhkumların ona etirazı rəisi daha da qəzəbləndirib. Bildirilir ki, Elçin Əlicanovun tapşırığı ilə 2 saylı kalonda əməliyyat keçirilib. Əməliyyat zamanı daha çox hədəfə gələnlər isə Nurani Ibrahimov və Sahib Abbasov olub.
AzNews.az isə xəbər yayıb ki, 2-ci kalonda hazırda da az qala fövqəladə vəziyyətdir: bir neçə cəzaçəkmə müəssisəsinin rəhbəri, eləcə də xüsusi təyinatlılar buraya cəlb olunub. Xüsusi təyinatlıların hücumu nəticəsində əksər dustaqlar döyülüb, işgəncəyə məruz qalıb. Nəticədə xeyli sayda məhkum ağır bədən xəsarətləri alıb, ikisi isə məlum olduğu kimi, həyatını itirib.
Əməliyyatın səbəbi kimi isə bu göstərilir ki, Penitensiar Xidmətin rəhbərliyi 2-ci kalonda vəziyyətin nəzarətdən çıxması və az qala “oğru qanunları”nın işləməsi barədə məlumata malik olub və yeni rəis E.Əlicanovun qarşısında bu vəziyyəti aradan qaldırmaq vəzifəsi qoyub. Lakin müəyyən müddət keçsə də, vəziyyət dəyişməyib və Penitensiar Xidmət rəhbərliyi yeni rəisə töhmət verib. Bundan bir neçə gün sonra isə həbsxananın “şmon” edilməsinə qərar verilib.