Şöbə müdiri Azərbaycanda dini radikalizmin əsasən radikal vəhhabilik və ifrat şiəlik formasında təzahür etdiyini bildirib
“Ölkəmizdə dini radikalizm meyillərinin yayılması əsas etibarilə xarici faktorlarla, bəzi dövlətlərin fəaliyyəti ilə bağlıdır. Müəyyən qüvvələr dini radikal qruplardan istifadə etməklə öz siyasi məqsədlərini həyata keçirməyə cəhd göstərirlər”. Modern.az saytının xəbərinə görə, bunu respublikamızın şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsində çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.
Azərbaycanda dini radikalizmin əsasən radikal vəhhabilik və ifrat şiəlik formasında təzahür etdiyini bildirən Fuad Ələsgərov vurğulayıb ki, onların təbliğatı bir qayda olaraq xaricdə təhsil almış azərbaycanlılar tərəfindən həyata keçirilir. Indiyədək xarici ölkələrdə 3 minə yaxın azərbaycanlı dini təhsil alıb və bu gün dövlətçilik əleyhinə yönələn tədbirlərin təşkilatçısı qismində çıxış edən dindarların böyük əksəriyyəti məhz həmin şəxslərdir.
Şöbə müdiri diqqətə çatdırıb ki, Suriya və Iraqda silahlı münaqişələrin başlandığı dövrdən on minlərlə əcnəbi həmin ölkələrə gələrək IŞID terrorçu qruplaşmasının sıralarına qoşulub. Onların arasında Azərbaycandan da radikal vəhhabiliyə mənsub şəxslər olub. Bu şəxslərin geri qayıtdıqdan sonra ölkəmiz üçün yarada biləcəkləri təhlükə nəzərə alınaraq onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri addımlar atılıb. Ilk növbədə, 2014-cü il martın 14-də Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib. Bu maddəyə əsasən vətəndaşları Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, bu məqsədlə döyüş təlimləri keçirmə, sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə cinayət hesab olunur. Həmçinin belə qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak, bu hərəkətlərin törədilməsinə açıq çağırışlar etmə və bu cür məzmunlu materiallar yayma da cinayət sayılır və uzun müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Qanunvericiliyə edilmiş bu dəyişiklikdən sonra Suriya və Iraqda silahlı döyüşlərdə iştirak edərək sonradan Azərbaycana dönmüş 60-dan çox şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilərək cinayət məsuliyyətinə cəlb olunub.
Fuad Ələsgərov ad çəkməsə də, onun Iranı və Səudiyyə Ərəbistanını ittiham etdiyi aydın şəkildə sezilir.