«Cənab prezidentdən xahiş edirəm, həm özü, həm də məmurları, hakimləri qanunun aliliyinə hörmət eləsin…»
Binəqədi qəsəbəsi, 2-ci Mədən, 64-cü korpus, ev 240 ünvanında yaşayan Taqət Zeynalov dövlət başçısı Ilham Əliyevdən kömək istəyir. O, Əliyevə ünvanladığı şikayət məktubunun surətini “Azadlıq”a da göndərib. Taqət Zeynalov məktubunda yazır:
“Dövlət Neft Şirkəti mənzilimizin sökülməsi barədə iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etsə də, qanunla buna nail olmadı. Sonra isə hakimlərə təzyiq göstərməyə başladılar. Binəqədi rayon məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin, Ali Məhkəmənin hakimləri Neft Şirkətinin maraqlarını müdafiə edənlərə izah etdilər ki, həyat yoldaşım Fatma Zeynalovaya məxsus evin ”yaşayış hüququnun tanınması və qeydiyyata alınması barədə” 27 avqust 2005-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməyə əsasən sökülməsi və qətnamənin ləğvi mümkün deyil. Lakin Neft Şirkətinin təzyiqlərinə tab gətirməyən hakimlər son nəticədə evin sökülməsi və əvvəlki qətnamənin ləğvi barədə qərarlar çıxardılar.
Mən 35 il hüquq-mühafizə orqanlarında işləmişəm və qocaman hüquqşünasam. Açıq-aydın hiss olunur ki, dövlət hüquqi dövlət deyil, özünü Avropa Şurasının üzvü kimi aparmır. Dövlətimiz heç Islam Dövlətləri Təşkilatının üzvü kimi də davranmır.
Yaşayış hüququmuzun tanınması və qeydiyyata alınmağımız barədə qətnamənin ləğvi Mülki Prosessual Məcəllənin 436.2-ci maddəsinə görə mümkün deyil. Eləcə də yaşadığımız evin sökülməsi barədə çıxarılan məhkəmə qərarları Konstitusiyanın 43-cü maddəsinə ziddir. Əminəm ki, rəhbərlik tərəfindən hakimlərə təzyiqlər olmasa, qanuna zidd qərar və qətnamələr çıxarmazlar. Həm də ölkədən beynəlxalq hüquqi təşkilatlara şikayətlər getməz.
Neft Şirkətinin iddia etdiyi Binəqədi ərazisində yerləşən torpaqlar bələdiyyələr tərəfindən insanlara satılıb. Onlar da bu torpaqlarda ev tikiblər. Sonra da Neft Şirkəti evlərin sökülməsi barədə məhkəmələrə iddia ərizəsi verir. Bu, cinayət xarakterli geniş bir mövzudur.
Bir daha cənab prezidentdən xahiş edirəm, həm özü, həm də məmurları, hakimləri qanunun aliliyinə hörmət etsin. Hamı qanun və məhkəmə qarşısında bərabərdir”.
Sosial şöbə