Maliyyə sahəsinə nəzarəti bir əldə cəmləşdirilir
Ölkə başçısı Ilham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması haqqında fərman imzalayıb. Bu fərmanla Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib. Onların istifadəsində olan dövlət əmlakı yeni yaradılan quruma verilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası digər sahələrlə yanaşı, kredit təşkilatlarının lisenziyalaşdırılması və onların fəaliyyətinə nəzarət funksiyalarına da malik olacaq. Fərmanda bildirilir ki, bankların, bank olmayan kredit təşkilatlarının (BOKT) və poçt operatorunun fəaliyyətini lisenziyalaşdırmaq, onların fəaliyyətini tənzimləmək və nəzarət etmək səlahiyyəti Palataya həvalə olunub.
Başqa sözlə, bu adı çəkilən sahənin Azərbaycan Mərkəzi Bankının nəzarətindən çıxması deməkdir.
Bəzi mülahizələrə görə, yeni qurumun yaradılması maliyyə sahəsinə nəzarəti bir əldə cəmləşdirmək məqsədi daşıyır. Ölkə başçısı hələ ötən ilin fevralında baş verən devalvasiyadan sonra bəyan etmişdi ki, bəzi möhtəkirlər böhrandan istifadə edərək külli miqdarda qazanc əldə ediblər. Ölkənin başçısı bu fikirləri bu qənaəti yaradırdı ki, devalvasiyadan əvvəl maliyyə qurumlarından informasiya sızması olub. Möhtəkirlər də məhz onlara ötürülən bu qiymətli informasiya sayəsində qazanc əldə ediblər. Ehtimal etmək olar ki, növbəti məlumat sızmalarından narahat olan Ilham Əliyev yeni qurum yaratmaqla buna mane olmağa çalışır.
Yeni qurumun yaradılmasını şərh edən iqtisadçı-ekspert Nemət Əliyev isə deyir ki, ləğv edilmiş qurumlar müxtəlif istiqamət üzrə eyni funksiyanı yerinə yetirirdi. Maliyyə Nazirliyi, Mərkəzi Bank və s. qurumları yaradarkən nəyin əsas götürülməsi sualı indiyədək açıq qalıb. Ekspertə görə, ölkədə qiymətli kağızlar bazarı inkişaf etmədiyi üçün ayrıca bir qurum yaradılmasına ehtiyac yox idi: “Ölkənin maliyyə vəsaitləri, dövlət büdcəsinin vəsaitləri xüsusi məqsədlərə, istiqamətlərə xərclənib. Neçə müddətdən bəri bu proses davam etdirilib. Həmin qurumların ləğv edilərək vahid bir maliyyə nəzarətini həyata keçirən qurumda birləşdirilməsi doğru addımdır. Iş yerlərinin itirilməsi baxımından müəyyən problemlər yaranacaq ki, bu barədə də düşünülməlidir. Dövlət büdcəsində ciddi problemlər yaranıb, monopoliya, korrupsiya və rüşvətxorluğa qarşı təsirli mübarizə tədbiri ala bilmədiklərinə görə görünür, aşağı varianta əl atıblar və bu qurumları bir-bir sıradan çıxarırlar. Prinsip etibarilə sözügedən qərarı doğru sayıram və paralel strukturların ləğv edilməsi istiqamətində atılmış addım kimi qiymətləndirirəm. Dövlət büdcəsinin sağa-sola səpələnməsi Maliyyə Nazirliyinin gözü qarşısında baş verib. Mənə elə gəlir ki, nazirliyin mərkəzi strukturuna ciddi şəkildə əl gəzdirmək lazımdır. Köhnə təfəkkürlü adamlardan, korrupsiya və rüşvətxorluğun, monopoliyanın nəzarətindən xilas ola bilməyən adamlardan üzülüşmək lazımdır. Üzülüşməsələr, elə Maliyyə Palatası da o günə qalacaq və heç nəyə nail olunmayacaq”.
İnformasiya şöbəsi