«Daily Mail»: «Hökumət ölkəni yoxsulluğa apardığı bir vaxtda belə tədbirləri keçirməklə əhalini yox, özünü düşünür»
Azərbaycanda iqtisadi böhranın sürdüyü bu dönəmlərdə də hökumət yenə də büdcədən idman yarışlarına pul ayırmaqda davam edir. Bu il ölkədə “Formula-1″ yarışlarının keçirilməsi planlaşdırılır. Ölkədəki yoxsulluğun fonunda keçirilən təntənəli idman yarışları xarici medianın da diqqətindən yayınmayıb. Böyük Britaniyanın ”Daily Mail” qəzeti “Reuters” agentliyinin bu mövzuda hazırladığı materialı “Ciddi böhran yaşayan ölkədə idman tədbirləri” başlığı ilə yayımlayıb. Məqalənin tərcüməsini təqdim edirik:
***
Azərbaycana böyük neft pulları gəlməyə başlayandan hakimiyyət təntənəli idman yarışlarının keçirilməsinə böyük maraq göstərməyə başladı. Bu yarışlardan biri də bu il keçiriləcək “Formula-1″ yarışlarıdır. Neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanda iqtisadi vəziyyəti xeyli pisləşdirdi. Iş o həddə çatdı ki, bəzi rayonlarda sosial-iqtisadi vəziyyətin ağırlığı vətəndaşları rayonlarda etiraz aksiyaları keçirməyə məcbur etdi. Hökumət etiraz aksiyalarını polis gücü ilə dağıtdı. Iqtisadi vəziyyətin pisləşdiyi dövrdə vətəndaşlar belə tədbirlərə artıq kəskin neqativ münasibət göstərir.
Bakının kafelərindən birində işləyən Vüqar deyir ki, yaxşı olardı ki, hökumət pulları bu tədbirlərə deyil, iqtisadiyyatın inkişafına yönəldəydi. Hökumətə müxalif mövqedə duran şəxslər bildirir ki, təntənəli idman tədbirləri Ilham Əliyevin nüfuzunun artırılmasına hesablanıb.
Beynəlxalq Valyuta Fondu uzun illər ərzində Azərbaycan hökumətini büdcə intizamını təmin etməyə, korrupsiya və monopoliyanı aradan qaldıraraq rəqabətə əsaslanan iqtisadiyyat qurmağa çağırıb. Amma hakimiyyət belə təklifləri qulaqardına vurur.
“Formula-1″ yarışları bu il iyulun 17-19-da keçiriləcək. Bakıya Luis Hemilton, Sebastian Fettel kimi məşhur idmançılar gələcəklər. ”Formula-1″in saytında 3 gün ərzində keçiriləcək yarışa əsas tribunadan baxmaq üçün 665 dollar ödəmək lazımdır.
Qeyd edək ki, Azərbaycanda orta əmək haqqı cəmi 287 dollar təşkil edir.
Parlamentin deputatı olan Vahid Əhmədov deyir ki, Azərbaycan iki il əvvəl bu yarışın keçirilməsi ilə bağlı üzərinə öhdəlik götürəndə neftin qiymətinin kəskin düşəcəyi və iqtisadi vəziyyətin pisləşəcəyini proqnozlaşdırmaq mümkün deyildi.
Qrant pri yarışlarını təşkil edən ölkə buna görə pul ödəyir. Azərbaycanın nə qədər maliyyə vəsaiti ödəməsi haqqında məlumat öyrənmək mümkün deyil. 2016-cı ildə idman yarışlarının keçirilməsinə Azərbaycan büdcəsindən 324 milyon vəsait ayrılıb.
Hələ üstəlik Azərbaycan bu il şahmat turniri də keçirəcək. 2012-ci ildə “Eurovision”a nə qədər vəsait ayrılması ilə bağlı da məlumat əldə etmək mümkün deyil.
Taksi sürücüsü Həsən deyir ki, hakimiyyət ölkəni yoxsulluğa apardığı bir vaxtda belə tədbirləri keçirməklə əhalini yox, özünü düşünür.