Dünyanın ən nüfuzlu təşkilatı Əliyev hökumətinin xaricdən kapital tapmaq imkanlarının üstündən qalın xətt çəkdi
ABŞ-da fəaliyyət göstərən, dünyanın 3 ən nüfuzlu reytinq agentliyindən biri olan (“Moody’s” və “Fitch Ratings” ilə yanaşı) “Standard and Poor’s” Azərbaycanın kredit reytinqini BB+ səviyyəsinə endirib. Bu, “spekulyativ”, yaxud “zibil” səviyyə sayılır.
Ölkənin kredit reytinqini bu səviyyəyə salan neftin ucuzlaşması fonunda xarici valyuta ehtiyatlarının azalmasıdır.
Reytinq agentliyi bildirir ki, Azərbaycan neft sektorundan çox asılıdır və ölkə iqtisadiyyatı bu il, milli valyutanın devalvasiyasına baxmayaraq, azalacaq
Agentlik xəbərdarlıq edir ki, xarici risklər artmaqdadır. “Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin ortasından üçdə iki dəfə azalıb”, – deyə agentlik əlavə edir.
Ötən ilin sonunda «Standard and Poor’s» reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya «BBB-» səviyyəsində saxladığını təsdiqləmiş, proqnozunu isə, əvvəlki qiymətləndirmədəki kimi, «mənfi» saxlamışdı.
«Standard and Poor’s»a görə, «BBB-» səviyyəsi və yuxarısı investisiyaya uyğun səviyyə kimi qəbul edilir.
Bundan aşağı olan «BB+» və sonrakı səviyyələr «investisiya yatırılmayacaq» və əsasən, «zibil» səviyyəsi adlandırılır.