Yaxud Eldar Mahmudovun Nicat Quliyevə hücumunun daha bir gizlini
“Deyəsən bu dəfə aparmağa gəlirlər”. Bu sətrlər mənim beynimdə indi təkcə 1937 demək deyil. Amma həm də 2013-də 1937-nin kabusunun pıçıldadığı cümlədir. Il 2013 – yenidən basqın, yenidən Əhməd Cavad ailəsinə, yenidən aparmağa gəlirlər. Bu dəfə də gələn onlardır – bayrağın, gerbin, himnin varlığına dözə bilməyənlər. Tarix təkrar etmir, bəziləri usanmadan öz çirkin əməlləri ilə tarixdə təkrarçılıq edirlər.
Kimdir onlar?
Özlərinin var olmaları üçün başqalarını yox etməyi mənimsəyən bir şüur. Onların zehniyyəti qorxudan çəkilmiş bir paratikan kolu çəpəri kimidir. Amma o qədər köhnəlib ki, bir toxunuşda bütün tikanlar ovulub tökülür. Necə ki, bu qaranlıqlar Əhməd Cavad işığının bir qığılçımında yoxa çıxırlar. Eldar Mahmudov – polis olmuş narxozçu, MTN-çi olmuş “NKVD”-çi. Hücum edir Nicat Quliyevə. Niyə? Bəlkə onu tətikləyən məqamları miras götürdüyü “mənəvi” dünyanın dağılmasını araşdıraq. Görünür əbəsdir – cəhənnəmi tərənnüm etmək şeytanlıq, təsvir etmək tanrılıqdır. Biz isə sadəcə insanlığa sığmayan pislikdən yazırıq. 21-ci əsr beriyaçılardan, Mahmudovçulardan, Çovdarovlardan, Mövlan Şıxəliyevlərdən, Ilqar Əliyevlərdən və onların ayaq izlərinə baş qoyan yüzlərlə manqurtlardan. Gözü günəşi, dərisi suyu götürməyənlərdən – quduzluqdan. Amma bu dəfə dövləti içindən gəmirən, onun qanını soran quduzlardan. Istər istəməz insan düşünməyə bilmir – niyə, məhz Nicat Quliyev? Düşünürük ki, bu sual əslində əvvəlcədən verilməliydi.
Kimdir Nicat Quliyev?
Milli istiqlal şairi Əhməd Cavad ailəsi onun ailəsidir – Əhməd Cavadın nəvələri Nicat Quliyevin övladlarıdır. Bu həm də tarixi məsuliyyət, bir şərəf borcudur! Ona qarşı qəddarlığın ən tətikləyici səbəbi də, əslində burada axtarılmalıdır. Onlar Cavadçılıq ideyalarını – müstəqillik və azadlığın təbliğini həzm edə bilmədikləri kimi də, ondan qorxurdular. Bu qorxu və bundan doğan xeyli sayda patoloji eqoist hürkmələr(diksinmələr)dən xilas olmağın yolunu Nicat Quliyevin simasında yenidən Əhməd Cavad ailəsinə basqında, təcavüzdə gördülər – kor imişlər…
Əhməd Cavada hücum
Əslində heç bir cinayət filan olmadığı halda Əhməd Cavad ailəsinə hücum himnimizə, gerbimizə, bayrağımıza hücumdur. Böyüklərin kölgəsini qısqanmaqdır. Bu adamlar…
- a) Türkdülərmi? Belədirsə, onda nə üçün heç bir səbəb olmadan Əhməd Cavad ailəsinə qəzəblidirlər, türklüyə qənimdilər? Bilmirlərmi ki, bu ailənin yaraları bütünlükdə tarix üçün iz buraxan yaralardır? Bu hücum həm də bu yaraları yenidən açmaq deyilmi? Bunu etməkdə məqsəd nə imiş – qazanc nə imiş? Buna göz yummaq nə demək? Axı bu bir “siyasət davası” donu biçilmək işi də
- b) Çağdaş şüurdadırlarmı? Əfsus!!! Belə olsaydılar 21-ci əsrdə bu qədər abxalk, bu qədər koru koruna düşüncəyə sahib olmazdılar. Dünyəviliyin, müasirliyin, türklüyün şairi Əhməd Cavad ailəsinə yenidən siyirməqılınc hücum etməzdilə
- c) Müsəlmandırlarmı? Düşünmək çə Amma bununla belə əxlaqın, mənəviyyətin sərhədlərini bu cür zorlamaq heç bir dinə və dinsizliyə sığmaz. Sığarsa, bu yəqin Azərbaycan bayrağındakı din deyil.
Bayrağını hifz etməyə cümlə gənclər müştaqdır!!!
Bəs bu bayrağın dəyərlərinə hücum edənlər nəyə qol çırmayıblar? Dizimizdəki çapıqla, alnımızdakı tərlə, ruhumuzdakı arınmışlıqla bu şərin zirehini dəlmək qədər imiş. Şərəf naminə vicdan məhbusluğu.
Dünya üçün nə qorxuludur gözəlliyin ruhunu oxşayıb, həqiqətin tozunu silib, tarixin gümüşünü parladıb zindana girmək. Bunu şərəf naminə etmək… nə möhtəşəmdir insan üçün. Əhməd Cavadın istiqlal qardaşı Mehmet Akif Ersoy hayan olur: “Hangi çılğın bana zincir vuracakmış şaşarım!”. Əhməd Cavadın rəmzi məzarı var Bakının Yasamal məzarlığında. Bunu Nicat Quliyev inşa etdirib – deyirdi Nicat Quliyevin dostu və vəkili mərhum Elton Quliyev. Oradakı anma daşı üzərində həkk olunmuş vəsiyyətindən Əhməd Cavad vətən övladlarına belə səslənir:
“Bu dünyada azadlığı şan şöhrətdən üstün tut.
Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut!?
Söz axarı…
Dövlət bir ailədir. Ailə bir dövlət. Bu anlamda heç bir dövlətin müqəddəs mətnində – himnində “Namusunu hifz etmək!” deyə ifadə yoxdur. Bunu dövlətini, millətini ailəsi kimi sevən Əhməd Cavad yaza bilərdi – yazdı da. Dövlətinin namusunu hifz etmək üçün canını, əzizlərini fəda edənlərin ailəsinə quldurcasına basqın etmək, dövlətin namus və heysiyyatına əl uzatmaq deyil də, nədir? Özü də bu əli “dövlətin qoluna geyinmək” nə demək?! Vətəndaşının namusunu qorumayan dövlətlə, dövlətinin namusunu qorumayan vətəndaş (məmur) arasında nə fərq vardır? Dövlətin namusunu, vətəndaşın namusunu mühafizə etməklə mükəlləf olanlar bunun fərqidədirlərmi, əcaba?
Söz gəlişi…
Tarix: 1937. Məkan: Azərbaycan Sovet Sosialist Respublikası. Hadisə: “Böyük Qırmızı Terroru”… Mahmudovun sələfləri – peşə və əməlləri üzrə “qırmızı” əcdadları qətlə yetirdi Əhməd Cavadı. Onun ömür-gün yoldaşı Şükriyyə xanım NKVD-nin müsibət düşərgələrində acından heç taqəti qalmamışdı. Istibdad bayquşlarının təcavüzünə müqavimət göstərə bilməyəcəyi çox üşəndirir onu. Cəlladlar tamah salmasın deyə üst-başını, üz-gözünü çirkabla da sürtmüşdür. Heç bir vəchlə namusuna ləkə toxundurmayacaq. Bu yalnız onun namusu deyil ki… Bəs O… Onun, əbədiyyən bağlı olduğu bir məhəbbəti də var axı… Heç qısqanclıq yaşamadı Şükriyyə xanım onun bu sevgisinə qarşı… Əksinə, ömrüncə dayaq oldu. Şükriyyə xanım Əhməd Cavadı və onun Azərbaycanını da düşünürdü. Öz namusu borcu sayırdı onların namusunu hifz etməyi…
Barmağını deşir… Dodaqlarını deşdiyi barmağına dayayır… Gözümə işıq gəldi! Allah, kərimsən, Allah!? Şükriyyə xanım qovuran yanğıyla namusu üçün öz qanını sormağa davam edir…
Son söz əvəzi…
Tarix: 2013. Məkan: Müstəqil Azərbaycan Respublikası. Hadisə: NKVD-çi Mahmudov Əhməd Cavad ailəsinə basqın edir. Onun qurucusu olduğu yavrusu dövlətın zirehinə girərək edir bu basqını. Yenə uçurulmuş evlər… Yenə işgəncələr… Bərbad edilmiş həyatlar… Itirilmiş canlar…
Vahiməli bir səssizlik bürümüşdür evi… bağı… Yenə didərgin salınıb Əhməd Cavad ailəsi öz doğma yuvasında… Dönmür bir daha Nicat Quliyevin övladları murdar basqının olduğu məkana… Allah, kərimsən, Allah!!!
“Azadlıq”