Mirşahin Ağayev: «Məmurlar jurnalistləri nəzarətə götürməyə çalışırlar ki, biz onların dediyi ilə oturub duraq…»
Milli Televiziya və Radio Şurası dünən keçirilən iclasında Mirşahinin ANS telekanalındakı “Hesabat” proqramının yayımını yanvarın 24-dən etibarən bir aylıq dayandırmaq barədə qərar qəbul edib. Teleradio Şurası qərarını “Hesabat” proqramının buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqramlara verilən tələblərin pozulması ilə izah edib.
Şura hesab edir ki, həmin proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl edilməyib, işgüzar nüfuzun ləkələnməsinə yol verilib.
Qeyd edək ki, Teleradio Şurası son dörd ay ərzində ANS-də bir neçə verilişin müvəqqəti dayandırılması, teleşirkətin xeyli cərimələnməsi barədə qərarlar qəbul edib. Bununla əlaqədar ANS-lə Şura arasında çoxsaylı məhkəmə çəkişmələri davam edir.
“Hesabat”ın yayımına qadağa qərarı açıqlanandan sonra Mirşahin Ağayev mətbuat konfransı keçirib. O bildirib ki, Teleradio Şurası ilə ANS arasında problem uzun müddətdir yaranıb. Onun sözlərinə görə, ANS milli serialların çəkilməsi üçün dövlət tərəfindən ayrılan vəsait barədə Şuraya suallar ünvanlayandan, məktub göndərəndən sonra qarşı tərəfin münasibəti dəyişib: “Amma bizim suallara cavab verməkdən yayındılar. Teleradio Şurasından soruşuruq, büdcədən ayrılan 10 milyon manatı hara xərcləyiblər? Xalqın qarşısında cavab versinlər. Şura bizim məktuba cavab vermək əvəzinə ANS-ə xəbərdarlıq və məzəmmətlər etməyə başladı.
Teleradio Şurasının qəbul etdiyi qərarlar adətən ANS-lə bağlı olub. Düzdür, başqa kanallarla da bağlı qərarlar qəbul edib, ancaq əsasən ANS-ə qadağalar qoyulub”.
Mirşahin Ağayev deyir ki, Teleradio Şurasının başında duran məmur və ya məmurlar bu qurumun normal fəaliyyətinə imkan vermir.
Mirşahin onu da qeyd edib ki, ANS bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edəcək: “Hüquqlarıımızı müdafiə edəcəyik, ”Hesabat”ın bağlanması qərarına qarşı mübarizə aparacağıq. Söz azadlığının başının üstünü məmurun aldığı ortadadır. Teleradio Şurasının qərarı Azərbaycanda demokratiyaya zərbədir”.
Mirşahin Ağayevin sözlərinə görə, məmurlar Azərbaycanda sovet senzurasını bərpa etmək istəyirlər: “Bu nə deməkdir? 2 cümləyə görə verilişi bağlayırlar. Əgər bu, senzura deyilsə, bəs nədir? Məmurlar jurnalistləri nəzarətə götürməyə çalışırlar ki, biz onların dediyi ilə oturub duraq. Lakin demokratik mətbuat buna yol verə bilməz”.
Məhkəmə proseslərində ANS-in hüquqlarını müdafiə edən Sevda Məhərrəmova isə deyib ki, dünən telekanalın əməkdaşlarını Teleradio Şurasının iclasından qovublar və qərarı onlar olmadan veriblər.
Qeyd edək ki, Teleradio Şurası Mirşahinin mətbuat konfransından sonra media orqanlarına elan göndərib. Elanda bildirilir ki, Şura da bu gün özünün inzibati binasında ANS tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı mətbuat konfransı keçirəcək.
Aytən Məmmədova