Rusiya müxalifəti kütləvi etirazların növbəti dalğasına hazırlaşır
Dumanın spikeri və Putinin ən sadiq silahdaşı Rusiya müxalifəti parlament seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq növbəti mitinqə hazırlaşır. Müxalifətin paytaxt Moskvada dekabrın 17-nə planlaşdırılmış nümayişin keçiriləcəyi məkan dəyişdirilib. Mitinq təşkilatçılarından Iqor Yakovlevin məlumatına görə, nümayiş elan edildiyi kimi, “Bolotnaya” meydanında deyil, “Puşkinskaya” meydanında keçiriləcək. Buna səbəb isə odur ki, Moskva meriyası əvvəlcə 500 nəfərin iştirakına icazə verdiyi halda, sonradan 10 min adamın toplaşmasına razı olub. Mitinqə “Yabloko”, “Moskva-Helsinki Qrupu”, “Ağ Lent”, “Həmrəylik” və digər hərəkatlar qatılacaq.
Parlament seçkilərinin rəsmi nəticələrinə görə, ikinci olan Rusiya Kommunist Partiyası dekabrın 18-də Moskvanın “Lyublyanka” meydanında etiraz aksiyası keçirməyə hazırlaşır. Aksiyaya partiyanın regional şöbələrinin də fəallarının qatılması planlaşdırılır. Partiya rəhbərliyinin açıqlamalarına görə, mitinqə ən azı, 50 min insanın cəlb olunması nəzərdə tutulub.
Müxalifət Putinə qarşı 300 minlik mitinq keçirəcək
Daha kütləvi və əsas etiraz aksiyası isə dekabrın 24-nə planlaşdırılır. Sosial şəbəkələrdə artıq 19 min nəfər ümumrusiya nümayişində iştirak edəcəyini təsdiqləyib. Iri şəhərlərdə nümayişin keçiriləcəyi yerlər isə hələ razılaşdırılmayıb.
Seçkinin nəticələrinin ləğvi və yol verilən saxtakarlıq faktlarının araşdırılmasını istəyən müxalif qruplara Moskva şəhər rəhbərliyi dekabrın 24-də 50 min nəfərlik nümayiş keçirilməsi üçün icazə verib. “Ədalətli seçki naminə” Ictimai Hərəkat paytaxt rəhbərliyindən mitinq üçün Saxarov prospektindəki meydanı, Vasilyevski Spusk və Manejnaya meydanının ayrılmasını istəmişdi. Kremlin yaxınlığında yerləşən Manejnaya və Vasilyevski Spusk meydanının artıq başqa proqramlar üçün ayrıldığını bildirən Moskva meriyası müxalifətə Saxarov prospektindəki meydanda mitinq keçirmək üçün icazə verib.
Müxalifət liderlərindən biri Vladimir Rıjkov “Facebook” sosial şəbəkəsi vasitəsilə yaydığı açıqlamada meriyanın 50 min nəfərin iştirakına icazə verdiyini bildirib. Ancaq Rıjkov hədəflərinin 300 min nəfər olduğunu bildirib. O, aksiyaya 300 min nəfərə qədər etirazçının cəlb olunması üçün ictimai fəalları aktiv olmağa çağırıb.
Rusiya Inkişaf Hərəkatının rəhbəri Yuri Krupnov dekabrın 4-də keçirilən seçkinin saxtalaşdırılmasına etiraz edərək meydanlara toplaşan on minlərlə insanın Rusiyanı təlatümə
gətirdiyini bildirib. O, ölkənin baş naziri Vladimir Putin üçün “qəbir” hazırlandığını deyib. Krupnovun fikrincə, Rusiyada demokratiyanın bərqərar olması üçün qurbanlar lazımdır. Onun sözlərinə görə, Putin özünü daha çox gələn ilin martında keçiriləcək prezident seçkilərinə hazırlayır. Lakin baş nazir Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin taleyini göz önünə gətirməlidir. Putinin taleyi də Səddam Hüseyn, Slabodan Miloşeviç kimi ola bilər.
Qrızlov və 5 qubernator mandatından imtina etdi
Bu arada, Rusiya Dövlət Dumasının sədri, hakim “Vahid Rusiya” partiyasının liderlərindən biri, eyni zamanda, baş nazir Putinin ən sadiq silahdaşı kimi tanınan Boris Qrızlov son parlament seçkilərində qazandığı deputat mandatından imtina edib. Qrızlov bu addımını 8 il parlamentdə olması ilə əlaqələndirib: “Hesab edirəm ki, iki müddətdən artıq parlamentdə qalmaq düzgün deyil. Ötən 8 il ərzində mən dostlarımla birgə qarşımıza qoyduğumuz məqsədə çatmışıq, nəzərdə tutduğumuz işləri görmüşük”.
Qrızlovla yanaşı, hakim partiyanın proporsional siyahısı üzrə deputat mandatı qazanmış bir neçə qubernator da deputat mandatından imtina edib. “Vahid Rusiya” partiyasının Sverdlovsk, Tula, Çelyabinsk, Irkutsk və Xabarovsk regionları üzrə namizəd siyahısına başçılıq edənlər və həmin vilayətlərin qubernatoru postunu tutanlar da qazandıqları mandatlarından imtina etdiklərini açıqlayıblar. Irkutsk vilayətinin qubernatoru Mezençev bu addımını gələn il keçiriləcək prezident seçkilərilə əlaqələndirib. O, seçkidə namizədliyini irəli sürəcəyini bəyan edib.
“Le Monde”: “Putini Qəzzafinin aqibəti gözləyir”
Rusiyada baş verənlər beynəlxalq medianın da əsas müzakirə mövzularından biri olaraq qalır. Fransada yayımlanan “Le Monde” qəzetində Rusiyadakı son hadisələr və baş nazir Putinə qarşı kütləvi etirazlarla bağlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, baş nazir Vladimir Putin hələ ki, etirazları qulaqardına vursa da, əvvəlki illərdən fərqli olaraq, cəmiyyətin və hakim elitanın güclü dəstəyini ala bilməyəcək. Onu Müəmmər Qəzzafi, Ben Əli, Mübarək və Əsədin aqibəti gözləyir. Rusiyadakı son hadisələr də onu söyləməyə əsas verir ki, Putinin korrupsioner və zorakı idarəçilik sistemi nəinki sadə camaatı, hətta hakimiyyətdəki qrupları da ciddi narahat edir.
“Rusiya ABŞ və NATO-nu özünə düşmən görməklə Çinlə yaxınlıq kursu tutub. Bütün irad və təklifləri qulaqardına vuran Putin ölkəni total xüsusi-xidmət nəzarətində saxlamağa çalışır. O, keçmiş ”KQB” agentlərindən formalaşdırdığı hakim elitasına arxayındır. Lakin Liviyada Qəzzafi, Misirdə Mübarək, Tunisdə Ben Əli və Suriyada Əsəd rejiminə qarşı etirazlar başlananda elə həmin diktatorları tərk edənlər də bir zamanlar onların ən yaxın silahdaşları olmuş şəxslər oldu. Qərb ölkələrinin ağır sanksiyaları həmin rejimlərin üst elitasını qorxuya saldı və onlar geri çəkilməyə üstünlük verdilər”, – deyə məqalədə vurğulanır.
“Le Monde” daha sonra yazır ki, Qərb siyasətçiləri və ekspertləri post-sovet və Asiya avtokratlarına qarşı həmrəylik nümayiş etdirir. Bütün qadağa və məhdudiyyətlərə, televiziyaların birtərəfli fəaliyyətinə, sosial şəbəkələrin nəzarətdə saxlanmasına baxmayaraq, parlament seçkiləri zamanı kütləvi saxtakarlıqlar yerli və beynəlxalq ictimaiyyətə operativ şəkildə çatdırıldı. Hakim partiyanın oğurluğu isbatlandı. Etiraz aksiyalarının təşkilinə maneələr yaradılsa da, xalq öz sözünü demək üçün imkan tapa bildi. Sadə rusiyalılar ölkədə baş verənləri daha dəqiq görür və heç kim Çeçenistanda “Vahid Rusiya”nın 99 faiz səs qazandığına inanmır.
“XX əsr totalitarizmlə diktatura arasında seçim, əsas sual kimi ortaya çıxdı. Bu gün isə ”demokratiya, yoxsa korrupsiya?” sualı meydana çıxıb. Ruslar bu suala cavab vermək üçün düşünürlər. Və biz Qərb olaraq onları eşitməliyik. Heç kim Rusiyada yaxın bir neçə ay sonra nə baş verəcəyini deyə bilməz. Lakin görünən odur ki, son hadisələr Rusiyada azadlığın qələbə qazanacağına işarədir. Puşkin Rusiyası ölməyib”, – deyə məqalənin sonunda vurğulanıb.
Tural
HƏMÇİNİN BAX:
Qərb Rusiyadakı seçkinin nəticələrini tanımadı
Putinin mitinq fiaskosuı (VİDEO)