Bugünə qədərki israfçılıqdan ölkə başçısının xəbəri olmayıb?
Azərbaycan iqtisadiyyatı neftdən asılı vəziyyətdə olduğuna görə neftin qiymətdən düşməsi ölkə iqtisadiyyatını iflic vəziyyətə salıb. Təbii ki, uzun illər ərzində ölkədə düzgün iqtisadi siyasət yürüdülsəydi, talançılıq, israfçılıq, korrupsiya dövlət siyasətinə çevrilməsəydi, qeyri-neft sektoru inkişaf etdirilsəydi, bu gün neftin qiymətdən düşməsi ölkəni fəlakət zonasına çevirməzdi. Məsələ burasındadır ki, həm ölkə neftdən asılı vəziyyətə salınıb, həm də neft pullları mənasız layihələrə xərclənib, offşorlara daşınıb və s.
Bəli, ölkə tamam iflic vəziyyətə düşəndən sonra hökumət qənat rejiminə keçmək qərarı verib. Ölkə başçısı müşavirədə bildirdi ki, vəsaitləri qənaətlə xərcləməli, lazımsız xərcləri ləğv etməli, maliyyə nəzarətini gücləndirməliyik. Maliyyə Naziri Samir Şərifov da bildirib ki, hökuməti “4 illik qənaət rejimi”nə keçmək niyyətindədir. O, bildirib ki, qarşıdakı 4 ildə ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalıdır. Bu zaman dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə, maliyyə nizam-intizamı gücləndirilməli, israfçılığa və izafi xərclərə yol verilməməlidir.
Guya, dünənə qədər bu xərclərin lazımsız olduğunu bilmirdilər? Bayrağa görə “Bayraq Idarəsi”, bulvara görə “Bulvar Idarəsi” yaradanda, bütün nazirliklərə dəbdəbəli binalar tikəndə, bunun israfçılıq olduğunu bilmirdiniz. Təbii ki, bütün bunlar büdcədən pul silmək üçün nəzərdə tutulmuşdu. Yoxsa, bu hökumətin bayrağı necə sevməsi, bayrağı qaldıran Rəsulzadəyə münasibətindən aydın olunur. Amma israfçılıq təkcə bununla bitmir. Hər il “Gül bayramı” adı altında 10 milyonları havaya sovuranda, bütün rayonlarda Heydər Əliyev muzeyləri, mərkəzləri tikəndə, Heydər Əliyevə saysız-hesabsız heykəllər ucaldılanda, Ilham Əliyev bunun israfçılıq, talançılıq olduğunu bilmirdi? Axı, bu qədər muzey, heykəl, mərkəz nəyə lazım idi?
“Avropa Oyunları”na 8 milyard pul xərcləyəndə, dövlət büdcəsinin yarısının məhv edildiyini ölkə başçısı bilmirdi. Həm də bu boyda vəsaitdən sonra, Avropa liderləri bu tədbiri boykot etdi. Bir stadiona 640 milyon manat vəsait xərclənəndə, Ledi Qaqaya bir mahnı üçün 2 milyon bəxşiş veriləndə, ölkə başçısı niyə qənaət haqqında fikirlərşmirdi?
Heydər Əliyev fondu Serbiyada, Fransada, Vatikanda xeyriyyə layihələri həyata keçirəndə, vətəndaşın səfalət içində olduğunu niyə düşünmürdünüz?
Dubayda villalar alanda, dünyanın müxtəlif yerlərində biznes imperiyaları quranda, ölkəni 5-10 ailənin şəxsi təsərrüfatına çevirəndə, nəticənin belə olacağını görmürdünüz?
Ilham Əliyev elə danışır ki, guya bütün bu baş verənlər ondan xəbərsiz olub. Hansıki, sadaladığımız israfçılıq faktlarına ölkə başçısı birbaşa töhfə verib. Lazımsız tikililərin, bir-birini təkrarlayan strukturların lentini ölkə başçısı öz əlləriylə kəsib. Neft Şirkətinin, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin kifayət qədər gözəl binaları olduğu halda, bu nazirliklərə dəyəri 100 milyonlarla ölçülən binaların tikilməsi nəyə lazım idi?
Ona görə də ölkə başçısının qənaətdən danışması , israfçılığa barmaq silkələməsi qeyri-səmimi görünür. Israfçılığa yaşıl işıq yandıran ölkə başçısı və onun iri məmurları olub. Əgər doğurdan da gecikmiş də olsa qənaət rejiminə keçmək istəyirisinizsə, öncə “Gül bayramı”nı ləğv edin, ev sahibliyi edəcəyiniz oyunlardan imtina edin, oğurladığınız pulları ölkəyə qaytarın, dünyanın hər tərəfində ucaltdığınız iqamətgahları satıb, büdcəyə yığın. Yoxsa, 100-cü dərəcəli strukturda qənaət tətbiq etmək nəticəni dəyişməyəcək. Qənaəti məmurların xidməti maşınlarını ləğv etməklə, dövlət xəstəxanalarında dövr eləyən milyonları büdcəyə yönəltməklə etmək mümkündür.
Bu ölkədə real qənaət rejiminə o vaxt keçiləcək ki, bu hakimiyyət istefaya gedəcək. Çünki, milyardların üstündə oturmuş adamların qənaət anlayışına münasibəti yaxşı ola bilməz.
Samir