«Azəryolservis»in şefi Ilqar Əliyevə məxsus «Riyad» şirkətini cərimələtdirib
“Dəmir Bank” Açıq Səhmdar Cəmiyyəti ilə “Riyad” şirkətinin arasındakı məhkəmə çəkişməsi birincinin qalibiyyəti ilə başa çatıb. Bu barədə Bizim Yol qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, “Dəmir Bank” Gəncə Yerli Iqtisad Məhkəməsinə ünvanladığı iddia ərizəsində 2 milyon 990 min manat məbləğində borcun tutulması və şirkətin əmlakına həbs qoyulmasını tələb edib. “Riyad” şirkəti də banka qarşı iddia qaldırıb. Şirkət iddiasında bankın rəhbər şəxslərinin şirkətə qarşı qərəzli olduğunu bildirib və bank tərəfindən şirkətə dəymiş ziyanla bağlı 1 milyon manat təzminat ödənilməsini istəyib.
Gəncə Yerli Iqtisad Məhkəməsinə daxil olan hər iki şikayət ərizəsi birləşdirilib və eyni icraatda baxılıb. Məhkəmə “Dəmir Bank”ın iddiasını təmin edərək, “Riyad”ın 2 milyon 990 min manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb. Qərara görə, şirkətin büdcəsində maliyyə vəsaiti olmadığından, əmlakı müsadirə edilib. “Riyad”ın Bakı və Hacıqabulda yerləşən 6 sayda əmlakı, 1 676 828 manat məbləğində dəyərləndirilərək, bankın hesabına keçirilib.
Bankla şirkət arasında məhkəmə qalmaqalı şirkətin bankdan götürdüyü kredit borcunu ödəyə bilməməsi ilə bağlı olub.
“Dəmir Bank” “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanova məxsusdur. “Riyad” şirkəti isə Ilham Əliyevin mərhum əmisi Aqil Əliyevin oğlu Ilqar Əliyevindir. Azərbaycanda ədalətli məhkəmə sistemi olsaydı, Cavid Qurbanovun prosesi udması qəribə görünməzdi. Lakin Azərbaycan məhkəmələri ədalətə deyil, mövqe və mənsəbə üstünlük verir. Ona görə də Cavid Qurbanovun Ilham Əliyevin əmisi oğlunu məhkəmə vasitəsilə cərimələtdirməsi adi hadisə deyil.
Cavid Qurbanov-Ilqar Əliyev çəkişməsində birinciyə üstünlük verilməsi son vaxtlar Paşayevlərin Ilham Əliyevin əmisi oğluna qarşı hücuma keçməsilə bağlı ola bilər. Xatırladaq ki, Paşayevlər əvvəlcə dərman biznesini, daha sonra baytarlıq ləvazimatlarının ölkəyə idxalını Ilqar Əliyevin əlindən alıblar. Bundan başqa Ilqar Əliyevin nəqliyyat biznesinə də əl qoyulub. Ona məxsus marşrut xətti ləğv edilib. Görünür, Paşayevlər Ilqar Əliyevi tamamilə bitirmək istəyirlər. Bu baxımdan hətta Cavid Qurbanovun da onu cərimələtdirməsinə şərait yaradılır.
Zərifə Məhəddinova