Nəqliyyat nazirinin oğlu ABŞ-da lobbi təşkilatı yaradıb
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Vaşinqtonda Azərbaycan-Amerika Alyansı adlı təşkilat yaradıb. Alyansın məqsədi Azərbaycan-ABŞ arasında enerji, milli-təhlükəsizliyə əsaslanan münasibətləri qabartmaqdır. Bu barədə AzadlıqRadiosu ABŞ-ın “The Hill” internet qəzetinə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, Alyansın ilk məclisi dekabrın 6-da Kapitolidə Ehtiyatda olan Zabitlər Assosiasiyasında keçirilib.
Anar Məmmədov “The Hill”ə bildirib ki, öz ölkəsini sevir və ona kömək etmək üçün borcunu vermək istəyir: “Məncə, Alyans iki ölkəni birləşdirə bilər. Məncə, Amerika Azərbaycanın ən böyük dostlarından biridir”.
Alyansın sədri Xəyal Şərifzadədir. O, “Bank of Azerbaican”ın keçmiş sədridir. Şərifzadə həmçinin “ZQAN Holdinq”in direktorlar şurasının üzvüdür. Məmmədov isə bu holdinqin təsisçisi, prezidenti və sədridir.
ABŞ Ədliyyə Departamentinin sənədlərinə əsasən, Alyans birillik fəaliyyət üçün “Fabiani&Co” lobbiçilik firması ilə 2.4 milyon dollar dəyərində müqavilə bağlayıb. Bu işə Cim Fabiani başçılıq edir.
Azərbaycanda Anar Məmmədov bir sıra qalmaqalların müəllifi kimi tanınır və əyləncəyə meylli şəxs kimi xarakterizə olunur. Onun bioqrafiyası 1 milyona ayı ətindən kabab yeməsi, müğənniləri ələ salması, türkiyəli pop star Hadisəni hiddətləndirməsi, başqa bir türk sənətçisi Ebru Polata 30 min dollarlıq çanta hədiyyə etməsi və s. bu kimi şıltaqlıqlarla zəngindir. Bəs indi nə baş verib ki, Anar Məmmədov əyləncəni ictimai fəaliyyətlə əvəzləməyə məcbur olub? Suala konkret cavab vermək bir qədər çətindir. Lakin ehtimal etmək olar ki, Ziya Məmmədov fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan nümunə götürərək oğlunun ciddi obrazını yaratmağı düşünür. Yada salaq ki, Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov Böyük Britaniyada Avropa Azərbaycan Cəmiyyəti adlı təşkilat yaradıb. Bu təşkilat Avropada Azərbaycan hakimiyyəti üçün lobbiçilik fəaliyyəti göstərir.
Lakin Ziya Məmmədov nəzərə almalıdır ki, ictimai fəaliyyətlə məşğul olmaq Anar Məmmədova uğur gətirməyə də bilər. Britaniya mətbuatı Taleh Heydərovun fəaliyyətini araşdıraraq işfaedici materiallar dərc etdiyi kimi, ABŞ mətbuatı da Anar Məmmədovla bağlı eyni araşdırmalar apara bilər. Bu isə Ziya Məmmədovun da beynəlxalq medianın diqqət mərkəzinə gəlməsi demək olacaq.
O da mümkündür ki, Ziya Məmmədov Ilham Əliyev hakimiyyətinin çox davam edə bilməyəcəyini anlayıb. Ona görə də indidən Azərbaycan-Amerika Alyansı vasitəsilə Qərblə təmas qurub və zamanı gələndə bundan yararlanmağı düşünür.
Zərifə Məhəddinova