Dekabrın 21-də Azərbaycanda baş verən ikinci devalvasiya hələ də dünya mətbuatının diqqət mərkəzindədir. Dekabrın 25-də Türkiyədə yayımlanan ON4 TV kanalının ana xəbər buraxılışında da ikinci devalvasiya barədə məlumat verilib, devalvasiyanın yol açdığı sosial-iqtisadi fəlakətin miqyası göstərilib, əhalinin etiraz əhvalında kökləndiyi qeyd olunub və bu xüsusda AXCP sədri Əli Kərimlinin də fikirləri öyrənilib.
AXCP sədri müxalifət olaraq bu ilin fevral ayında baş verən devalvasiya zamanı hökumətə təpkilər göstərdiklərini, lakin manatın dəyər itirməsindən əziyyət çəkən insanların əksəriyyətinin prosesə qoşulmadığını bildirib. Hazırda sosial şəbəkələrdə çox böyük etiraz olduğunu bildirən Əli Kərimli, insanların bu prosesə daha kütləvi qoşulmasının vcibliyini vurğulayıb. Əli Kərimli xalqla işlədiklərini, onlara vəziyyəti izah etdiklərini bildirib və xalq hazır olacağı təqdirdə AXCP və Milli Şura olaraq yenidən dinc, konstitutsiya çərçivəsində etirazlarını davam etdirəcəklərini ifadə edib.