Deyəsən, manatın ikinci devalvasiyası xalqımıza nə qədər şok yaşadıbsa, bir o qədər də hakimiyyəti təşvişə salıb. “Hakim ailə”nin süfrəsinin qırıntıları ilə dolanan məddahlar artıq yerlərdə aldıqları təlimata uyğun olaraq geniş təbliğata başlayıblar.
Xüsusilə, büdcə təşkilatlarında çalışan vətəndaşlar arasında təbliğat aparılır ki, guya, Azərbaycanı belə böhranlı duruma sürükləyən ABŞ olub, məhz bu dövlətin diktəsilə neft ucuzlaşdırılıb və manat dəyərdən düşüb. Guya, Qərb dünyası Azərbaycan kimi gənc və inkişaf etməkdə olan müstəqil dövlətlərin irəliləməsini istəmir?!
Əlbəttə, sadəlövh adamlar belə təbliğatın təsirinə düşür, ancaq ayıq insanlar da kifayət qədərdir. Məsələn, hakimiyyətin saxta arqumentlərinə cavab olaraq fəal vətəndaşlarımız düşünür: “Bəyəm, Azərbaycanın on milyardlarla neft dollarlarını sağa-sola xərcləyən Amerika idi? Yoxsa, Azərbaycanı gözləyən ağır günləri gözə almadan neft dollarları hesabına Avropa Oyunlarını keçirən də ABŞ olub?”
Məntiqli suallardır. Onu da əlavə etmək olar ki, bəlkə, arvad-uşaqlarını qoltuğuna vurub Azərbaycanın büdcə pulları hesabına lazımlı-lazımsız xarici səfərlərə çıxan və Avropada dəbdəbəli məclislər quran da ABŞ-ın prezidenti idi? Yaxud, Azərbaycanın bugünkü faciəvi günlərinə də məhəl qoymadan qarşıda “Formula-1″ yarışları və daha sonra Islam Həmrəylik Oyunlarını keçirməkdə israrlı olan da Amerika hökumətidir?
Sosial şöbə