Otuz iki insanımızın itkisi ilə də belə barışdıq. Artıq o insanların ən yaxınları da anlayır ki, Xəzərin dərinliklərindən hər hansı möcüzə gözləməyə dəyməz. Ordan kiminsə sağ çıxacağına ümid yox daha. Indi bir məzara yolçuluq təsəllisi arayıb durur hər kəs əzizlərini udmuş sulardan. Doğmalarının cansız bədənini qucaqlayıb doyunca ağlamaq təsəllisi qalır indi bircə. Heç olmasa, bu!..
Bu, elə bir faciədir ki, kimsə “qəzavü-qədər” deyib yaxasını kənara çəkə bilməz. Orda saatlarla gözləyən insanların xilası üçün çox şey etmək olardı. Hər kəs bilir ki, platformadakı onlarla insan həm də məsuliyyətsizliyin, başısoyuqluğun vəbiganəliyin qurbanı olub. Bu, işə birbaşa dəxli olanların günahıdır. Bəs işə aid olmayanların necə, onların heç bir günahı yoxmu? Olmazmı? Onlar həm də bizim görməzliyimizin, biganəliyimizin, korluğumuzun qurbanı deyillərmi? Sosial şəbəkələrdə göz yaşı töküb, pafoslu sözlər yazmaqla deyil ki. Insanlıq bu ölkədə vicdanlı vətəndaş olub, bütün basqılara rəğmən haqqı tələb etməklə baş verəcək faciələri önləyə bilməkdir. Deyə bilərsinizmi, bunu qorxmadan etməyi bacaran neçə nəfərik? Deyə bilərsinizmi, aramızda neçə nəfər gördüklərini çəkinmədən danışmağı, ədalətsizliyə etiraz etməyi, naqislikləri düzəltməyi özünə borc sayır? Belə bir hekayə var bu durumu anladan…
Ilk dəfə getdiyi qəsəbədə çörəkxananı axtaran bir adam yol kənarında dayanan avtomobilə yaxınlaşır. Adam arxa oturacağa qısılmış uşaqdan parka yaxın olduğu söylənən çörəkxananı soruşur. Uşaq avtomobilin pəncərəsini açaraq: “Mən dəburaya ilk dəfə gəlirəm. Amma sağ tərəfə getməyiniz lazımdır hər halda”- deyir. Kişinin susduğunu hiss edən uşaq: “Cökə çiçəklərinin qoxusunu duymursunuzmu?”- deyərək gülümsəyir. Quş civiltiləri da oradan gəlir”. “Axı bunlar parkdan deyil, tək bir ağacdan da gələ bilər”- cavab verir adam. Uşaq: “Tək bir ağacdan bu qədər tünd qoxu gəlməz. Üstəlik, yasəmənlərin ətri də qatılıb onlara. Həm də bir az dərin nəfəs almaqla sobadan yeni çıxmış çörəklərin qoxusunu hiss edərsiniz”-deyir.
Adam gülümsəyərək cibindən bir kağız pul çıxarıb təşəkkür etmək istəyir və o an uşağın kor olduğunu fərq edir. “Üç il əvvəl bir qəza keçirmişdim, Görmək üçün elə darıxdım ki. Sizin gözləriniz sağlamdır, eləmi?..” Adam sarsılmışdı. Uşağın təsvir etdiyi çörəkxanaya yönələrkən: “Artıq əmin deyiləm, övladım, əmin olduğum tək şey sənin məndən daha yaxşı gördüyündür”- deyir.
Etiraf edək ki, bu ölkədə yaşayan böyük çoxluq çox şeyi elə belə görür. Həqiqi mənada, elə-belə… Görməzdən gələrək, gözünü qaçıraraq, özünü anlamazlığa vuraraq “görür”. Özünü bu ölkənin ağası hesab edənlər ölkə insanına pul xərcləmək istəmir. Onun rifahına, təhlükəsizliyinə, sağlamlığına, istirahətinə ayrılan pulu israf hesab edir. Onun maaşına, təqaüdünə, müavinətinə artımları qəpik-qəpik, istehlak etdiyi məhsullara artımları manat-manat qaldırır. Insanlar baxımsızlıqdan, ehtiyacdan, zülmdən yanıb kül olur ortalıqda. Amma çoxları cınqırını çıxarmadan bu dəhşətlərə susub durur. Başını salamat istəyən, qınına çəkilib kirimişcə qapısını qıfıllayan adamlar başımıza gələn bütün bu bəlaların ortağıdır, əslində. Bütün bu faciələrin, bu yanğınların və ölümlərin ortağı. Barı etiraf etmək cəsarətində olsaydılar…