Robert Əyyubovla insidentdən sonra Anar Məmmədovun mühafizəsi gücləndirilib
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov mühafizəsini gücləndirib. Əldə etdiyimiz məlumatlara görə, təkcə nazirin oğlunun rəhbərlik etdiyi “ZQAN Holding”in ofisini 40-a yaxın mühafizəçi qoruyur. Məlumatlarda deyilir ki, Anar Məmmədovun təhlükəsizlik tədbirlərini gücləndirməsi bir neçə gün əvvəl prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovla aralarında baş verən insidentlə bağlıdır.
Qəzetimizin ötən sayında bu barədə məlumat vermişdik. Xatırladaq ki, Robert Əyyubov əsəbi şəkildə Anar Məmmədovun ofisinə gələrək onu hədələyib. Onun narazılığı Ziya Məmmədovun şəxsi taksilərə lisenziya verilməsini qadağan etməsilə bağlı olub. Taksi biznesi olduğu bildirilən Robert Əyyubov bu qadağanın aradan qaldırılmasını tələb edib. Lakin məlumatlarda deyilir ki, lisenziya qadağası bəhanə olub. Insidentin əsl səbəbi Ziya Məmmədovun Bəylər Əyyubovu qəzəbləndirməsidir. Nəqliyyat naziri müşavirələrin birində generala məxsus və Bakı portunun inşasına cəlb edilən “Azərkörpü” şirkətinin işindən narazılıq edib. Nazir şirkətin nümayəndəsinə barmaq silkələyərək onları layihədən uzaqlaşdıracağı ilə hədələyib. Ziya Məmmədovun bu hərəkəti Bəylər Əyyubov və onun yaxın çevrəsində qəzəbə səbəb olub. Bu baxımdan ilk fürsətdə nəqliyyat nazirinə yerini göstərmək qərara alınıb. Bu fürsət də lisenziya qadağası ilə ələ düşüb.
Yeni məlumatlara görə, Ziya Məmmədov problemi yoluna qoysa da, Əyyubovlardan ehtiyat edir. Anar Məmmədovun təhlükəsizlik tədbirlərini gücləndirməsi tapşırığı da nəqliyyat nazirindən gəlib.
İnformasiya şöbəsi
HƏMÇİNİN BAX: