Qanqster dövlət başçısına müraciət ünvanlayıb
Müzəffər Baxışov: «Bu hakimiyyətin dövründə Hacı Məmmədovun işinin yenidən araşdırılması inandırıcı deyil»
Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədov dövlət başçısına müraciət edib.
“Report” xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq təcridxanasında saxlanılan H.Məmmədov son illərdə ilk dəfə ailə üzvləri ilə görüşüb.
Ona ailə üzvlərinin vasitəsi ilə vəkil tutulub. Vəkil artıq H.Məmmədovla görüşüb. H.Məmmədov yeni vəkilinə bildirib ki, ona keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov olan dövrdə hədə-qorxu və təzyiqlər edildiyi üçün məhkəmədə sözünü deyə bilməyib.
H.Məmmədov qeyd edib ki, DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun bu işlə heç bir əlaqəsi yoxdur. O, Z.Nəsirovun süni olaraq, bu işə cəlb edildiyini deyib.
Qeyd edək ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-a keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində tutulub. 2007-ci ilin yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H.Məmmədova və daha 26 nəfərə hökm oxunub. Onlardan H.Məmmədov və Z.Nəsirova ömürlük həbs cəzası verilib.
Bir neçə gün əvvəl isə H.Məmmədovun yeni açıqlamalar vermək istədiyi barədə onun bacısı Arifə Məmmədova açıqlama ilə çıxış etmişdi. O, bildirmişdi ki, H.Məmmədov əvvəllər açıqlamadığı bir sıra mühüm faktları ictimailləşdirmək niyyətindədir. Bu üzdən o yenidən araşdırma aparılmasını istəyir.
Bəs, H.Məmmədovun bu müraciətinə, istəyinə necə cavab verilməlidir?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, H.Məmmədovun yeni faktlar açıqlamaq istəyi ilə bağlı Ali Məhkəmənin plenimuna təqdimat verilə bilər. Ali Məhkəmə Hacı Məmmədovla bağlı çıxarılan qərarları ləğv edə bilər və təkrar araşdırma üçün işi 2-ci istansiya məhkəməsinə göndərə bilər: «İkinci bir hal isə yeni açılmış hallarla bağlıdır. Cinayət Prosesual Məcəlləsinin yeni açılmış hallarla bağlı Ali Məhkəmə həmin işi ləğv edə və məhkəməni hətta birinci istansiya məhkəməsinə qaytara bilər. Digər hallarda işin ibtidai istintaqa qaytarılması mümkün deyil».
M.Baxışov hesab edir ki, əgər araşdırma nəticəsində H.Məmməov və digərlərinə qarşı irəli sürülən ittihamlar təsdiqini tapmasa, bu barədə prokurora məlumat verməlidir. Əgər ittihamlar təsdiqini tapmasa birinci istansiya məhkəməsi bəraət hökmü çıxara bilər: «Amma mən inanmıram ki, Hacı Məmmədov işi yenidən araşdırılsın. Düzdür, bu barədə mətbuat yazır. Amma bu hakimiyyətin dövründə işin ləğvi inandırıcı deyil. Çünki əgər araşdırma olsa birinci növbədə həmin iş üzrə Zakir Qaralov barəsində hökm qərarı seçilməlidir».
Hikmət