İsgəndər Xəlilova məxsus zavodda 100 kiloqram civə aşkar edildi
Neftçaladakı «Yod-Brom» zavodunda tapılan “yükün” dəyəri 2-2.5 milyon dollardır
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Neftçala şöbəsi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə keçirdiyi əməliyyat nəticəsində rayonda fəaliyyət göstərən “Yod-Brom” zavodunda 100 kiloqram civə aşkar edilib.
Bu barədə “Azadlıq”a rayondakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, əməliyyat bu günlərdə həyata keçirilib. Həbs edilənlərin olub-olmadığı barədə dəqiq məlumat yoxdur. Mənbə bildirib ki, zavodda civə olması ilə barədə MTN-ə əməliyyat məlumatı daxil olub. Bundan sonra çekistlər hərəkətə keçib. FHN-nin bu əməliyyatda iştirakı aşkar edilən civənin zavoddan çıxarılması zamanı hansısa fövqəladə halın baş verə biləcəyi ilə əlaqələndirilir. Mənbə 100 kiloqram civənin zavodda hansı məqsədlə saxlanıldığı barədə heç nə deyə bilməyib. Lakin ehtimal olunur ki, civə satış məqsədilə əldə edilib və gizlədilmək üçün zavodda yerləşdirilib. Bəzi məlumatlara görə, zavod iş adamı Isgəndər Xəlilova məxsusdur. Lakin obyektin idarəçəliyi Isgəndər Sadıqov adlı şəxsə verilib. Zavodun rəsmən icraçı direktoru isə Aydın Abdullayevdir. Məlumat üçün qeyd edək ki, qara bazarda civənin 1 qramı 20-25 dollar civarındadır. Bu isə o deməkdir ki, zavoddan götürülən civə 2-2.5 milyon dəyərində olub.
İnformasiya şöbəsi