Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Facebook səhifəsində Nardaran hadisələrinə münasibət bildirib:
“Nardaranda qan tökülüb. 2-si polis olmaqla 6 vətəndaşımız öldürülüb. Hakimiyyət dindarların dövlət çevrilişinə cəhd etdiyini, şəriət dövləti qurmaq istədiyini, İrandan yönəldildiyini bildirir. Bu həqiqətən belədirsə, həmin qüvvələrin qarşısına başı milyardlar toplamağa, quldur dəstələri yaradıb insanlara zülm etməyə qarışmış iqtidardan əvvəl bizlər- demokratik qüvvələr çıxacağıq. Çünki, bu ölkəyə yalnız gəlirli biznes obyekti kimi baxanlardan fərqli olaraq bura bizim üçün Müqəddəs Vətəndir. Ancaq mən bu hakimiyyətə necə inanım? Söhbət heç də DİN və Baş prokurorluğun az qala hadisələrin özünü qabaqlamış bəyanatında təqsirsizlik prezumpsiyasının pozulmasından getmir, halbuki, bu artıq yetərlidir. Sivil, mədəni, əqidəli bir insan olan Məmməd İbrahimi saxta xuliqanlıq ittihamı ilə həbs edəndən sonra bunlara çatıb ki, həmin maddənin 1-ci hissəsi ilə adamı həbs edə bilməzdilər, həbs cəzası verə bilməzlər. Məmməd bəyin üzünə heç yuxusunda da görmədiyi iki nəfər adam qoyurlar ki, sən demə bunlar hakimiyyət nümayəndələridir, sən bunlara müqavimət göstərmisən. Bundan sonra gecə ilə hər birimizi evimizdən aparıb İranın tapşırığı ilə vanna otağımızda uranı zənginləşdirməkdə də ittiham edə bilərlər. Xədicəni korrupsiyada, Leyla xanımı vətənə xəyanətdə ittiham etməmişdilərmi? Dindarları, Nardaranı yaxşı tanımasam da, nəzəriyyədə onlara qarşı ittiham ehtimalı mümkün sayıla bilsə də, Məmməd bəyə ovcumun içi kimi əminəm axı. Bütün bunlardan sonra mən bu hakimiyyətin hansı sözünə inanım?!”