Əslində baş verənlər sürpriz olmadı. Həmişə prinsipial məsələlərdə hökumətimz “tormozlamağa” üstünlük verir. Sadəcə olaraq Türkiyənin Rusiya təyyarəsini vurması mənzərəni daha da şəffaflaşdırdı. Yəni, duman tamam çəkildi və bəlli oldu ki, hökumət sükanının arxasında oturanlar “taksavatlıq”la məşğuldu. Amma bu dəfəki “xaltura” Azərbaycan adına növbəti və daha ağır utanc oldu. Başqa vaxt “bir millət-iki dövlət” deyib vətənşüvənlik zirvəsini fərh edənlər, bu dəfə Rusiyanın ətəklərinə qədər düşdülər. Bəli, “milli maraq” keşikçiləri öz hava sərhədlərini qoruduğuna görə Türkiyəni qınadılar və Rusiyadan üzr istəməyi tələb etdilər. Bizim hökumətimz hesab edir ki, hava sərhəddinin 2-3 kilometr pozulması xırda məsələdir. Ən azından ona görə ki, 23 ildir bizim quru sərhəddimiz 20 faiz məhdudlaşdırılıb. Rejimoloqlara görə Türkiyə xırdaçılıq eləyir. Belə pozuntulara görə Rusiyanın xətrinə dəyməyi tərbiyəsizlik kimi qiymətləndirirlər. Gərək, Türkiyə də bizim hokumətimiz kimi “dözümlü” olub, Azərbaycana faciələr yaşatmış, Ermənistana atalıq edən Rusiyanı bağrına basaydı.
Ən dəhşətlisi hökumətin Türkiyəyə dəstək verməməsi deyil. Yuxarıda da qeyd etdiyimiz kimi yaptokratlar dar günün dostu deyillər. Ən dəhşətlisi baş verənlərə görə Türkiyədən üzr tələb etməkdi. Əslində, bu hansısa “ziyalı” adını zəbt etmişlərin özfəaliyyəti də deyil. Bu “üzr təbliğatı” hökumətin qeyri-rəsmi siyasi xəttidir. Rusiyaya göstərmək istəyirlər ki, biz sənin üçün qardaşımızı da daşlaya bilərik.
Beləliklə, “ağıllı ekspert”lər hesab edir ki, Türkiyə hökuməti “bizim hava sərhəddimizi pozduğunuza görə sizdən üzr istəyirik” deməlidir. Bəli, bizimkilər absurd dağına dırmaşan alpinistlərdi.
Ən dəhşətlisi isə budur ki, üzr istəməli olanlar üzr tələb edir. Türkiyə Rusiyanın təyyarəsini vurub, başa düşdük. Axı 20 ildən artıqdır bu xalqın arzusun, taleyin, gələcəyin vurub sıradan çıxarıblar. Niyə, buna görə üzr tələb edən tapılmır? Azğın məmurlar ölkənin quru hissəsini bölüşdürüblər, milyardlarla vəsait mənimsənilib, hüquq sistemi darmadağın edilib, ədalətsizlik ədaləti “bıçaqlayır”, niyə heç kimin səsi çıxmır?
Əslində, bu gün Türkiyədən üzr tələb edənlərin, Türkiyəyə üzr borcu var. Amma təkcə Türkiyəyə yox, həm də Azərbaycan xalqına üzr borcları var. Ona görə ki, uzun illər deputat kürsüsünü, “ziyalı” adını zəbt ediblər. Ona görə ki, gözlərinin önündə zülm ərşə dirənib, günahsız insanlar həbs edilib, insanlar siyasi mənsubiyyətinə görə şantaj olunub, məmurlar əyri yollarla milyarderə çevrilib və onlar susublar. Azərbaycanın imicini ləkələyənlərin qarşısında kor olub, Rusiya təyyarəsinə görə “lokator”a çevrilənlər, bu xalqdan üzr istəməlidir.
Dönə-dönə, dayanmadan, fasilə vermədən üzr istəməli olan isə bu hökumətdir. Təkcə qardaş ölkəyə ögey münasibətə görə yox, bu vətəndaşa kölə kimi davrandıqlarına görə. İnsanların seçim haqqını, dövlətin sərvətini, torpağın bərəkətini oğurladıqlarına görə. Ən əsası isə Bakını işğaldan azad edənləri, Qarabağı işğal edənlərdən üzr istəmyə çağırdıqlarına görə.
Bu təyyarə məsələsi bir məqama da aydınlıq gətirdi. İndi aydın oldu ki, “Lazım” niyə gəlmir. Hökumətimiz Rusiyadan, Ermənistandan Qarabağı tələb etməyə utanır. Qonşularla 20 faiz torpağın söhbətin eləmək ayıb işdir axı.