«Daha bir seçki qələbəsi Azərbaycanın hakimiyyət strukturunda başlamış çatları ört-basdır edə bilməz»
«Transitions Online» portalı Varşavanın Şərq Araşdırmaları Mərkəzində Türkiyə, Qafqaz və Orta Asiya departamentinin əməkdaşı Aleksandra Jarosiewicz-in məqaləsini dərc edib.
«Son parlament seçkilərinin heç bir ciddi dəyişikliyə aparmayacağını demək üçün baş sındırmaq lazım deyildi. Rejim narazıları həbsə atmış, susdurmuş, müşahidəçilərə qadağalar qoymuşdu, nüfuzlu siyasi müxalifətin də udmaq şansı yox idi. Ancaq dəyişikliyin baş verməməsi bu sistemin sarsıntılara qarşı immunitetinin olması anlamına gəlmir. Seçkidən az əvvəl Milli Təhlükəsizlik Nazirliyində baş verənlər, azərbaycanlı diplomatlarla bağlı qalmaqal, iqtisadi durumun pisləşməsi sistemin davamlılığı barədə suallar yaradıb», – müəllif yazır.
Yazıda parlament seçkilərində hakim YAP-ın qələbə qazandığı, ATƏT müşahidəçilərinin seçki monitorinqindən imtina etdiyi vurğulanır. Digər tərəfdən, ölkədə vətəndaş cəmiyyətinə, jurnalistlərə təzyiqlər Qərblə münasibətləri pisləşdirib:
«Bu addımlar hakim elitanın məqsədli şəkildə Qərblə, ATƏT-lə uzunmüddətli münasibətlərə ziyan vurduğunu göstərir. Bu siyasət qorxudan doğur. İki il öncə Kiyevdə «Maydan»da başlanan etirazlardan sonra hakim elita oxşar ssenarinin Bakıda təkrarlanacağından ehtiyatlanır. Onlar Qərbin narazıları qızışdırmasından şübhələnirlər. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qərbi onun hökumətini devirmək istəyində açıq şəkildə ittiham edib. Ancaq Milli Təhlükəsizlik və Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində baş verənlərdən, bəzi diplomatların işdən çıxarılmasından sonra elita təkcə ictimai narazılıq və xarici planlardan qorxmamalıdır».
Yazıda deyilir ki, neft və qaz gəlirləri azaldıqca, iqtisadiyyat da zəifləyir. Hökumət gəlirlərinin 65 faizi neft-qaz hesabınadır, ixracın 90 faizi neft-qaza dayanır. Azərbaycanın ÜDM-si bu il 4 faizlik artımdan gələn il 2.5 faizə düşə bilər. Beynəlxalq Valyuta Fondu belə bir proqnoz verib:
«Qiymətlərin düşdüyü bir vaxtda Azərbaycanın xammaldan qeyri-mütənasib asılılığı prezidentin resursları havadar şəbəkələr arasında bölüşdürmə imkanını məhdudlaşdırır. Elə MTN-dəki təmizləmə də resurslar uğrunda mübarizənin bir nümunəsi kimi qəbul oluna bilər. Nazirlik rəsmiləri vəsaitlərin qanunsuz ələ keçirilməsində ittiham olunur».
Müəllif daha sonra yazır ki, iqtisadiyyatın yavaşıması hökumətin sosial vədlərini yerinə yetirməsini çətinləşdirəcək. İctimai narazılıq, əksər azərbaycanlılarla hakim sinif arasında sərvət uçurumu artacaq:
«Bütün bunlar avtoritarizmin də artacağı deməkdir. Ancaq bunun 2003-cü ildə hakimiyyəti xəstə atasından miras almış Əliyev üçün müəyyən riskləri var. Daha artıq repressiya narazılığı gücləndirə, aşağıları hərəkətə gətirə bilər. 2013-cü ilin yanvarında İsmayıllıda oxşar antihökumət etirazları olmuşdu. Həmin nümayişlərdən sonra polis təzyiqi gücləndirildi, son iki ildə isə dissidentlər, insan haqları fəalları, jurnalistlərin tutatutu adi hala çevrildi». (azadliq.org)