Professora qarşı kampaniya regional müstəviyə çəkilir
Professor Rafiq Əliyevə qarşı kampaniya səngimək bilmir. Dünən də Azərbaycan Dövlət Neft Akademiyasının 7 kafedra müdiri professorun əleyhinə müraciət qəbul edib. Müraciətin mətni rəsmi dövlət qəzeti “Azərbaycan”da dərc edilib.
Müraciəti professorlar Bağır Bağırov, Qafar Həsənov, Nadir Fəirzanə, Imran Cəfərov, Kamil Aydazadə, Rəhim Məmmədov və Əli Nazim Məmmədtağızadənin qəbul etdiyi göstərilib.
ADNA professorlarının da müraciəti ənənəvi ruhda yazılıb. Yəni, bundan əvvəl BDU-nun müəllimləri adından yayılan müraciətlə təxminən eyni məzmun daşıyır. Lakin bu müraciətdə məsələ həm də regionçuluq müstəvisinə çəkilir. “Rafiq Əliyevin Elmlər Akademiyasının müxbir üzvü seçilməsinin də öz tarixçəsi var. Elmlər Akademiyasının tarixində ilk seçki idi ki, Əbdürrəhman Vəzirovun şəxsi göstərişi əsasında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üç şöbə müdiri akademiyanın üzvü adını almışdı. Bu fakt onun totalitarizm dövrünün ən neqativ üsulları ilə bəhrələnməsinin bariz nümunəsidir”.
Burada Vəzirovun adının qeyd edilməsi Rafiq Əliyevin akademiyanın müxbir üzvü seçilməsində qarabağlı olmasının mühüm rol oynadığına işarədir. Bundan əvvəl akademiyanın 4 üzvünün 1news.az saytında dərc olunan məktubunda da regionçuluq məsələsi qabardılmışdı. Hətta həmin məktubda Vəzirov, Rafiq Əliyev və digər qarabağlıların əlilə Qarabağın ermənilərə verilməsi kimi ciddi ittiham da səsləndirilmişdi.
Əldə etdiyimiz məlumatlara görə, Rafiq Əliyevə qarşı kampaniyada regionçuluğun qabardılması təsadüfi deyil. Bu Prezident Administrasiyasından (PA) gələn göstərişdir. Məlumatlarda bildirilir ki, məhz PA rəhbəri Ramiz Mehdiyev toqquşmanın regionçuluq müstəvisinə çəkilməsini istəyib. Görünür, Mehdiyev bununla mənsub olduğu regiondan daha çox elm adamı çıxdığını nəzərə alaraq bu məsələdə onların dəstəyini almağa çalışıb. Başqa mülahizə də var. Ramiz Mehdiyev ümumiyyətlə qarabağlıları qəbul etmir. Daha doğrusu, Qarabağ bölgəsindən çıxan elm adamlarını, ziyalıları qəbul etmir. Hər halda bu məşhur fikir də PA rəhbərinə məxsusdur: “Naxçıvan alim, Qarabağ müğənni, Bakı isə polis və qırbasan yetişdirir”.
Güman ki, bundan sonrakı müraciətlərdə də regionçuluq simptomları özünü biruzə verəcək.
Bu arada BDU-nun bir qrup müəlliminin açıqlaması yayılıb. Onlar akademik Cəlal Allahverdiyev və professor Qulu Məhərrəmlinin əvvəlki müraciətlə bağlı söylədiklərinə etiraz edirlər. Xatırladaq ki, bundan əvvəl BDU-nun müəllimlərinin Ziyalılar Forumuna və Rafiq Əliyevə qarşı müraciəti yayılmışdı. Həmin müraciətə 245 nəfərin imza atdığı göstərilirdi. Lakin müraciət yayılandan sonra onu imzaladığı bildirilən akademik Cəlal Allahverdiyevlə professor Qulu Məhərrəmli buna etiraz etdi. Bəlli oldu ki, onlara başqa müraciət göstərilib.
BDU müəllimlərinin bu gün yaydığı açıqlamada isə Cəlal Allahverdiyevlə Qulu Məhərrəmlinin dedikləri təkzib edilir: “BDU-nun ziyalılarını narahat edir ki, həmin müraciətə imza atan 245 nəfərdən nə üçün məhz bu iki nəfəri belə səs-küy yaratmaq istəyirlər? Axı onlar da bizimlə birgə həmin bəyanata bir ziyalı kimi imza atıblar. Indi onları hansı qüvvə məcbur edir ki, fikirlərindən dönsünlər? Nə üçün onlar “düşmən dəyirmanına su tökmək” istəyirlər? Hansı səbəbdən onlar ziyalıya yaraşmayan hərəkət edərək sözlərini danırlar? Kiminsə göstərişi ilə onlar süni qarışıqlıq yaratmaq istədiklərini bilirlərmi? Bir gün keçməmiş öz imzasını danan belə ziyalılara nə ad vermək olar? Bəlkə də düşünülmüş şəkildə imzalarını danmaqla onlar qarışıqlıq yaratmağa cəhd edirlər”.
Informasiya şöbəsi