Ekspertlərə görə, «Delta Telekom»dakı yanğın MTN-ə məxsus serverlərdə ola bilər
Bir neçə gün əvvəl Azərbaycanda yaşanan internet şoku barədə redaksiyamıza daxil olan məlumatla bölüşmüşdük. Xatırladaq ki, noyabrın 16-da 16:10 radələrində Azərbaycan ərazisinin əksər hissəsində internet əlaqəsi kəsilmişdi. Ölkənin əksər internet provayderlərinin abonentləri qlobal şəbəkəyə qoşula bilməyiblər. Rəsmi məlumata görə, problemin səbəbi ölkədə internet təchizatının böyük əksəriyyətinə nəzarət edən “Delta Telekom” şirkətində yanğın baş verməsi idi.
Lakin hadisənin “MTN işi” ərəfəsində baş verməsi bunun təxribat ola biləcəyini istisna etmirdi. Bu baxımdan təsadüfi deyil ki, Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc da hadisənin təxribat olduğuna işarə vurmuşdu. O, yaddaşın silinməsi versiyasını ortaya atmışdı. Qeyd edək ki, Zahid Orucun həm Eldar Mahmudovun, həm də Əli Abbasovun işdən çıxarılması ilə bağlı açıqlamaları özünü, demək olar, doğruldub. “Azadlıq”a daxil olan məlumat isə bundan ibarət idi ki, “Delta-Telekom” prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun nəzarətindədir. Bəylər Əyyubov isə “MTN işi” ilə bağlı əməliyyatlara birbaşa rəhbərlik edir. Ona görə də ehtimal etmək olar ki, bu, Bəylər Əyyubova qarşı təxribatdır. Bu olayın Bəylər Əyyubovun özünə lazım olması barədə də versiya var. Lakin bu versiya o qədər də inandırıcı deyil.
Digər bir versiyaya görə internetin kəsilməsi Azərbaycandakı hazırkı rejim üçün təhlükə törədən və hədəfdə olan şəxsin ölkədən səssiz çıxarılmasına hesablanıb. Çünki internetsiz saatlarda Dövlət Sərhəd Xidmətinin, Təhlükəsizliklə bağlı sistemlərdə ciddi problem var idi.
Bu arada daha bir maraqlı versiyanı IKT üzrə ekspert Osman Gündüz yayıb. O.Gündüzün fikrincə, hökumət noyabrın 16-da “Delta Telekom”da nə baş verdiyinə aydınlıq gətirməlidir: “Hamı səbəblər haqqında rəsmi açıqlama gözləyir. Elə biz də. Düşünürəm ki, artıq ilkin rəyin hazırlanması üçün ötən müddət yetərli olmalı idi. Hamını bu suallr düşündürür, yanğın, tüstüləmə nə üçün baş verib? Alternativər olubmu, olubsa niyə işləməyib?
Maraqlı məqamlardan biri də budur ki, vatsup zənglərinin Azərbaycanda mümkün olmaması MTN-in qoyduğu qadağa ilə bağlıdır. Bu xidmətdə zənglərin qadağan edilməsi “Delta Telekom”la bağlı olmayıb. MTN “Telekommunikasiya haqqında” qanunun 39-cu maddəsinə uyğun olaraq ölkədə qurulan nəhəng dinləmə-izləmə sitemi ilə bağlıdır”.
Bu baxımdan ekspert sual edir ki, yanğın məhz “Delta Telekom”da MTN-ə məxsus sistemdə və avadanlıqlarda enerji təchizatında, bütün ölkənin 200 GB sürətində infrmasiya trafikinə nəzarət edən MTN-ə məxsus serverlərdə olub. Ekspertə görə, əgər bu fərziyyə doğrudursa, o zaman hər şey aydındır: “Çünki mövcud qanunvericiliyə görə, internet ”Delta Telekom”un Data Mərkəzindən keçəndən sonra məhz bu nöqtədən paylanmalıdır. Deməli, problem burda ola bilərdi. Əgər bu sistemin alternativi olmayıbsa, təbii ki, bərpa prosesi də uzun çəkə bilərdi”.
O.Gündüzün fikrincə, əgər bu versiya doğrudursa, onda bu artıq təhqiqat qrupuna da, RYTN-ə və digər əlaqəli qurumlara da məlumdur. Amma nə üçün açıqlamırlar, bu anlaşılan deyil.
Hikmət